Satışdaki dərmanların 40%-i saxtadır
23 Mart 2009 Bazar Ertəsi 15:30
İstehlakçı hüquqlarının bugünkü vəziyyəti ilə bağlı suallarımızı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova ünvanladıq-Eyyub müəllim, ölkəmizdə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı h

İstehlakçı hüquqları bütün dünyada və bütün zamanlarda ən çox pozulan insan hüququdur. Bu günə qədər heç bir ölkədə bu problem tam şəkildə həll edilməyib. İstehlakçı hüquqları ilə bağlı BMT tərəfindən beynəlxalq prinsiplər qəbul edilib. 1995-ci ildə Azərbaycan da bu prinsipləri qəbul edərək, istehlakçı hüquqlarının qorunması üçün öz üzərinə beynəlxalq öhdəliklər götürüb. Eyni zamanda ölkəmizdə 1995-ci ildə “İstehlakçı hüquqlarının müdafiəsi” haqqında qanun qəbul edilib. Hazırda bu qanun günümüzün tələblərinə cavab vermir və təkmilləşdirilməsinə böyük ehtiyac var. 1995-ci ildən sonra ölkəmizdə ticarət sektoru sürətlə inkişaf edib. Bu isə o deməkdir ki, istehlakçı hüquqlarının pozulması halları da artıb və bu sahədə yeni qanunlar qəbul edilməlidir.
-Bəs dövlət qurumları necə, öz üzərlərinə düşən vəzifələri yerinə yetirirlərmi?
-2008-ci ilin dekabr ayının 28-də ölkə prezidentinin fərmanı ilə İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti yaradılıb. Lakin həmin qurum fəaliyyətə başladığı ilk günlərdə üzərinə düşən vəzifəni yerinə yetirmədi. Nəticədə bu qurumun rəhbərliyində dəyişiklik aparıldı. Ümid edirəm ki, yeni rəhbərlik istehlakçı hüquqlarının qorunması istiqamətində öz üzərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirəcək. Qeyd edim ki, Azərbaycan tarixində ilk dəfə olaraq bu il dövlət qurumları tərəfindən beynəlxal istehlakçılar günü qeyd edildi.
-Ən çox hansı sahələr üzrə istehlakçı hüquqları pozulur və bunlar hansı səbəbdən baş verir?
-Ölkəmizdə müxtəlif sahələr üzrə istehlakçı hüquqlarının pozulması geniş yayılıb. Xüsusən ərzaq  və dərman satışında, xidmət, tibb, təhsil sahələrində ciddi pozuntular var. Apardığımız monitorinqlər zamanı qeyd etdiyimiz sahələr üzrə  dəfələrlə istehlakçı hüquqlarının pozulduğunun şahidi olmuşuq. Bu gün satışda olan uşaq yeməklərinin təqribən 10%-i istifadəyə yararsızdır. Uşaq yeməkləri ilə bağlı qəbul edilən beynəlxalq prinsiplərə, demək olar ki, əməl edilmir. Bu özünü daha çox uşaq yeməklərinin üzərindəki yazılarda, saxlanma şəraitində özünü büruzə verir. Uşaq yeməklərini 25 dərəcədən yuxarı istidə saxlamaq olmaz. Gəlin baxaq görək buna nə dərəcədə əməl edilir. Yay aylarında onların, demək olar ki, əksəriyyəti açıq şəraitdə saxlanılır. Sərinləşdirici içkilərin isə təqribən 40%-i istifadəyə yararsızdır. Onların həm qablaşdırılması, həm də tərkibi standartlara cavab vermir. Xidmət sektorunda isə ən çox pozuntu kommunal xidmət qurumları tərəfindən edilir. Bu qurumlar istehlakçıdan istifadə etmədikləri xidmətlərin pulunu istəyirlər. Bu məsələ ilə bağlı olaraq hüquqları pozulan istehlakçılar dəfələrlə bizə müraciət edib. Biz də həmin kommunal xidmət qurumlarını məhkəməyə vermişik və bütün hallarda haqlı tərəf biz olmuşuq. Amma bu qurumlar bazardakı inhisarçı mövqelərindən sui-istifadə edərək istehlakçı hüquqlarını pozmaqda davam edirlər.
- Bəs dövlətin digər qurumları niyə bu cür sui-istifadə hallarının qarşısını almır?
- Bu günə qədər heç bir dövlət orqanı kommunal xidmətlərlə bağlı hüququ pozulan istehlakçının lehinə qərar çıxarmayıb. Bu da onu göstərir ki, kommunal xidmət qurumları dövlət qurumu olduğu üçün məmurlar bir-birinin əleyhinə qərar çıxarmaq istəmir. Nə qədər ki məmur bizneslə məşğul olur, nə qədər ki bu sahələr üzrə müstəqil nəzarət qurumları yoxdur, isehlakçı hüquqları da pozulmaqda davam edəcək. Nə qədər ki, məhsullara gigiyenik sertifikatlar verən qurumla əhalinin sağlamlığını qoruyan təşkilatlar eyni dövlət orqanına tabe olacaq, bu problemlər də davam edəcək.
- Bu gün satışda nə qədər saxta məhsul var? Bu barədə araşdırma aparılıbmı? 
- Satışda olan dərman preaparatlarının təqribən 40%-i saxtadır. Bunlar da əsasən Çindən və Hindistandan gətirilir. Ayaqqabı və geyim məhsullarının da təqribən 30-35%-i saxtadır.  Binə yarmarkasına getsəniz görərsiniz ki, orada açıq şəkildə müxtəlif etiketlər satılır. Əgər bunlara tələb olmasa satılmaz. Etiketlərin bu şəkildə satılması onu göstərir ki, ölkədə saxta məhsul istehsalçıları var.  
-Eyyub müəllim, bu gün bəzi mağazalarda “alınan mallar geri qaytarılmır” sözləri yazılan elanlar asılır. İstehlakçının aldığı məhsul keyfiyyətsiz çıxsa belə, geri qaytara bilmir. Çünki satıcılar deyir ki, biz bu barədə elan yazıb mağazadan asmışıq. Bununla bağlı sizin fikirlərinizi bilmək istərdik.
-Azad İstehlakçılar Birliyi olaraq bu cür yazıların mağazalardan yığışdırılması istiqamətində bəzi tədbirlər həyata keçirmişik. Görülən tədbirlər nəticəsində bu sahədəki vəziyyət əvvəlki illərlə müqayisədə müsbətə doğru dəyişib. Amma hər şeydən əvvəl qeyd etməliyəm ki, bu yazını yazan mağaza sahibi yaxşı ticarətçi deyil və bu cür yerlərdən məhsul alan istehlakçı da yaxşı alıcı deyil. Mağaza sahibi bu yazını yazmaqla öz məhsullarını antireklam edir. Hər bir alıcı başa düşməlidir ki, əgər mağazadan bu cür elanlar asılıbsa, deməli, burada satılan məhsulların keyfiyyəti ilə bağlı hansısa problemlər var. Məsələyə hüquqi tərəfdən yanaşsaq, deyə bilərəm ki, mövcud qanunvericiliyə görə bəzi mallar istisna olmaqla digər mallar 15 gün müddətində geri qaytarıla bilər. Məsələn, diş fırçası, alt paltarları, uşaq əmzikləri və s. bu cür məhsulların geri qaytarılması istisna olmaqla, başqa mallar geri qaytarıla bilər və heç bir ticarətçinin də bunu qadağan etməyə ixtiyarı yoxdur. Əgər alınan mallar qanunlarda göstərilən şərtlər daxilində geri qaytarılırsa və satıcı tərəfindən qəbul edilmirsə, bu artıq qanun pozuntusudur.
-İstehlakçıların maarifləndirilməsi istiqamətində hansı işlər görülür?
-Hər bir şəxsin istehlakçı savadı olmalıdır. AİB tərəfindən istehlakçıların maarifləndirilməsi məqsədi ilə məlumat kitabı nəşr olunub. Lakin bir neçə təhsil ocağı istisna olmaqla, başqa yerlərdə bu vəsait tədris olunmur. Bu sahədə maarifləndirmə işləri uşaq yaşlarından aparılmalıdır. Bu ğün ölkə məktəblərinin, demək olar ki, hamısında bufetlərdə satılan mallara görə məktəblilərə çek verilmir. Bu ən böyük qanun pozuntusudur və azyaşlılar da istehlakçı kimi düzgün tərbiyə almır.
-İstehlakçıların keyfiyyətsiz və saxta məhsullar almamaları üçün onlara nə məsləhət görərdiniz?
-Hər bir malın özünəməxsus xüsusiyyətləri var. Məsələn, əgər istehlakçı kərə yağı alırsa, onun en kəsiyinə nəzər salsın. Əgər o, burada müxtəlif rənglər görərsə, o zaman bu məhsulun keyfiyyəti barədə şübhələnməyə dəyər. Bundan əlavə, məhsul alarkən fikir vermək lazımdır ki,  onun üzərində istehsal tarixi, saxlanma müddəti və şəraiti, tərkibi, istehsalçı haqqında məlumat var, yoxsa yox.



DOSTLARINLA PAYLAŞ:

oyunlar