Sara Qədimovanın ad günüdür
31 May 2014 Şənbə 05:58
Sənətçinin adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb.
İfa etdiyi 400-dən artıq mahnı ilə şərqdə, qadın müğənnilər arasında muğam dəstgahlarının- Şur, Mahur, Hindi, Bayatı Şirazın ilk ifaçısı olan korifey sənətkar Sara Qədimovanın bu gün anadan olmasından 90 il ötür. Əmək fəaliyyətinə Dövlət Filarmoniyasında solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu “Şəfqət bacısı” mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib.

Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb.

Müğənninin ifasında “Qarabağ şikəstəsi” isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur. Türkiyə, İran, Özbəkistan, İndoneziya, Efiopiya və bir sıra digər xarici ölkə səhnələrindəki, özünəməxsus ifa tərzi ilə tamaşaçıları riqqətə gətirən Sara xanım 1944-cü ildə İran şahı Rza Şah Pəhləvi tərəfindən bu ölkənin mükafatına layiq görülüb. Müğənninin altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığının əsas qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərmək olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar