Şah İsmayıl Xətainin yeni fərmanı tapılıb
27 Sentyabr 2012 Cümə Axşamı 12:15
Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətainin yeni fərmanı tapılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimovun APA-ya verdiyi məlumata görə, fərmanın surəti Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun kitabxanasından götürülüb. P. Kərimov deyib ki, fərmanın surətini ABŞ-da yaşayan azərbaycanlı tədqiqatçı Həsən Cavadi göndərib: “Həsən Cavadi Azərbaycan tarixinə aid iki maraqlı material göndərib. Onlardan biri bu fərmandır. Fərmanda Səfəvi hökmdarının Əhməd ağa Qaramanlu adlı şəxsi ölkənin vilayətlərindən birinə hakim təyin etməsi əks olunub. Fərman “Əbülmüzəffər sözümüz” başlığı altında verilib: “”Əbülmüzəffər” I Şah İsmayılın ləqəbi olub. Tarixçilər Əbülmüzəffərin Xətai olduğunu yaxşı bilirlər. Fərman mənasında “sözümüz” yazılması da çox diqqətəlayiqdir və Şah İsmayılın ana dilinə - Azərbaycan türkcəsinə münasibətini bariz surətdə ifadə edir. Fərmanda əmr mənasında doğma dilimizdəki “buyuruq” sözünün işlədildiyini görürük. Hicri tarixlə 917-ci il rəbiüləvvəl ayının 7-də, miladi tarixlə 1511-ci ilin 5 iyununda imzalanmış bu fərmanın dilinin sadəliyi, siyasi terminlərin belə doğma dildə verilməsi diqqəti cəlb edən ən vacib cəhətləndəndir”.
Digər material isə Şah Təhmasibin hakimiyyəti dövründə Səfəvilər dövlətinə gəlmiş Venesiya səyyahı Mikael Memberin qeydlərindən ibarətdir. İtalyan və ingilis dillərində çap edilmiş bu səfərnaməni Həsən Cavadi fars dilinə tərcümə edib. Əsərdə XVI əsrin ortalarında Səfəvilər dövlətində, Anadolu və Gürcüstanda siyasi-iqtisadi vəziyyət, baş vermiş bəzi tarixi hadisələr, ölkənin mədəniyyəti, yerli adət-ənənələr, Təbriz, Ərdəbil, Marağa şəhərləri barədə maraqlı məlumatlar var.
DOSTLARINLA PAYLAŞ: