Sabirin bəzi şeirlərini atası cırıb
30 May 2013 Cümə Axşamı 04:20
Bu gün satira şairinin 151 yaşı tamam olur.
Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci il mayın 30-da Şamaxıda anadan olub. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu.

Sabir 12 yaşına qədər mollaxanada oxumuş, sonra məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Bu məktəb onun üçün faydalı olmuş, xüsüsilə biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir. Müəllimi Ələkbərə fars dilindən şerlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, məktəbli şairin yaradıcılıq həvəsini artırırdı. Lakin bir-iki il sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq gənc şair yenə oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən ziyadə oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edir, hətta bir dəfə şeir dəftərini də cırıbmış.

1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlib. Belə böyük ailə sahibi olmaq Sabirin vəziyyətini olduqca çətinləşdirmişdi. Başqa bir sənəti olmayan şair ailəsini dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklə dolandırırdı. Buna baxmayaraq o, yenə dövrünün qabaqcıl ziyalıları ilə əlaqə saxlayır, bədii yaradıcılıqla məşğul olurdu.

XIX əsrin sonu, XX əsrin ilk illərində ağır ailə qayğısı çəkən Sabir şeirdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhətin bu zaman onu mənəvi cəhətdən böyük köməyi dəymişdi. Onlar boş vaxtlarında Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik bir ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şerlərini oxuyub təhlil və müzakirə edirdilər.

XX əsrin əvvəllərindən başlayaraq Sabirin şerləri mətbuat səhifələrində görünür. 1903-cü ildə “Şərqi-Rus” qəzetində onun şeri çap olunur. Bir qədər sonra isə o,”Həyat” qəzetində şeir çap etdirir. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu.

1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda “Yeddi günbəz qəbiristanı”nda dəfn olunur.

Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, 1912-ci ildə arvadı Büllurnisə xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə onun şerləri “Hophopnamə” adı ilə çap olundu. Oxucular kitabı hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsilə “Hophopnamə”nin ikinci, daha mükəmməl nəşri buraxıldı. Sovet hakimiyyəti illərinde Sabir irsinə maraq görülməmiş dərəcədə artdı, “Hophopnamə” böyük tirajla bir neçə dəfə çap olundu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar