S.Seyidovun Rusiyada kitabı nəşr olunub
18 Noyabr 2010 Cümə Axşamı 16:25
Kitab “Yaradıcılığın fenomenologiyası (tarix, təzadlar, şəxsiyyət)” adlanır
Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidovun “Yaradıcılığın fenomenologiyası (tarix, təzadlar, şəxsiyyət)” kitabı Rusiyada yenidən nəşr olunub. ADU-nun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor A. B. Dmitriyev və psixologiya elmləri doktoru, professor Q. İ. Yefremovanın rəy verdikləri kitab Moskvadakı Rusiya Dövlət Sosial Universitetinin nəşriyyatında nəfis tərtibatda 1000 tirajla nəşr edilib. 2 fəsildən ibarət kitabda müəllif oxucunu yaradıcılığın təbiəti haqqında müxtəlif fikirləri ilə tanış edir.

Xatırladaq ki, kitab ilk dəfə 2009-cu ildə nəşr edilib. Rus dilində nəşr olunan kitab iki fəsildən ibarətdir. “Psixologiyada yaradıcılığın tədqiqi tarixi” adlanan birinci fəsildə “Yaradıcılığın psixologiyası probleminin tarixi analizinin əsasları”, “Qədim dövrlərdə yaradıcılıq: Hind, Çin və Antik fəlsəfədə şəxsiyyətin yaradıcı aktivliyi problemi”, “Orta əsrlərdə yaradıcılıq: Şəxsiyyətin yaradıcı fəaliyyəti – ərəb fəlsəfənin əsas atributu kimi”, “Qərb psixologiya tarixində yaradıcılıq”, “Sovet psixologiyası və Azərbaycanda yaradıcılıq”, “Yaradıcılıq probleminin inkişaf yolları” adlı bölmələr yer alıb.

“Şəxsiyyətin fenomenologiyası” adlı ikinci fəsil isə “Yaradıcılığın paradoksları”, “Yaradıcılıq – psixikanın qoruyucu mexanizmi kimi”, “Şəxsiyyət və onun strukturu”, “Hissiyyat, iradə, fəaliyyət”, “Yaradıcılıq – şəxsiyyət azadlığı və tənəzzülü”, “Cəmiyyətin və yaradıcı şəxsiyyətin qarşıdurması”, “Mədəniyyətin psixologiyası və şəxsiyyətin tipologiyası”, “Şəxsiyyətin psixoloji tipləri”, “Şəxsiyyət nəzəriyyəsi – onun tipologizasiyası” və “L. N. Qumilyov passionarlığı və şəxsiyyətin struktur tipologiyası” məsələlərinə toxunulub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar