Rusiyanın tanınmış aktyoru Vladislav Qalkin vəfat edib
27 Fevral 2010 Şənbə 17:55
Rusiyanın tanınmış aktyoru, 38 yaşlı Vladislav Qalkin Moskva şəhərindəki mənzilində qəflətən vəfat edib.
APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, ölümün ilkin səbəbi kimi kəskin ürək çatışmazlığı göstərilir. Hələlik rəsmi açıqlama yoxdur. Şəhər Daxili İşlər Şöbəsindən bildiriblər ki, aktyorun qohumları V. Qalkinin telefon zənglərinə cavab verməməsindən narahat olaraq milisi bundan xəbərdar ediblər. Aktyorun mənzilinə gedən milis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onun üzərində zorakılıq əlamətləri olmayan meyiti ilə qarşılaşıblar. V. Qalkin bir müddət əvvəl mədəaltı vəzin iltihabı diaqnozu ilə müalicə olunduğu xəstəxanadan evə buraxılıb. Həkimlər ona pəhriz və müalicə kursu təyin ediblər. Tibbi dairələrdən bildiriblər ki, aktyor 2-3 gün əvvəl keçinib.
V. Qalkin 1971-ci ildə Leninqradda doğulub. Kinoda 9 yaşında olarkən Stanislav Qovoruxinin “Tom Soyer və Heklberri Finnin macəraları” filmi ilə debüt edib. O, “72 metr” və “Voroşilov atıcısı” filmləri ilə məşhurlaşıb və bir neçə seriala da çəkilib. V. Qalkin 2009-cu ildə Rusiyanın əməkdar artisti adına layiq görülüb.APA
DOSTLARINLA PAYLAŞ: