Rejissor Faiq Zöhrabov vəfat edib
05 İyun 2009 Cümə 17:20
Rejissor Musiqili Komediya Teatrında ürək çatışmazlığından dünyasını dəyişib

 

Təqribən 1 saat əvvəl Musiqili Komediya Teatrında rejissor Faiq Zöhrabov ürək tutmasından vəfat edib. İş yoldaşları Mərkəzi Klinik Xəstəxanadan təcili yardım çağırsalar da, həkimlər gələnədək rejissor artıq dünyasını dəyişmişdi.

Qeyd edək ki, Faiq Ramazan oğlu Zöhrabov 1939-cu ildə doğulub. 1957-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəqqas kimi fəaliyyət göstərib. 1963-1968-ci illərdə o, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. İnstitututu bitirdikdən sonra, həmin təhsil ocağında «Aktyor sənəti» kafedrasında müəllim kimi fəaliyyətə başlayıb.

1965-1972-ci illlərdə F.Zöhrabov Bakı Pioner və Məktəblilər Parkının direktoru işləyib. 1972-1975-ci illərdə o, Aktyor evinin direktoru, 1975-1977-ci illərdə Səyyahçılar və ekskursiya bürosunun direktoru işləyib. 1968-1985-ci illərdə F.Zöhrabov İncəsənət İnstitutunda aktyor sənətindən dərs deyib. 1985-88-ci illərdə o, Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrına dəvət olunub və orada 4 il baş rejissor vəzifəsində çalışıb.

Bu dövrdə rejissor A.P.Çexovun «Elçilik», A.Şirvanzadənin «Nakam qız», Q.Lezqinsovun «Dağlar oğlu», N.Hikmətin «Bayramın birinci günü», Ü.Hacıbəyovun «O olmasın, bu olsun» və s. dramaturqların əsərlərinə quruluş verib. 1988-ci ildən F.Zöhrabov Tədris Teatrının direktoru və İncəsənət Universitetinin «Musiqili teatr» kafedrasının dossenti olub. 1999-cu ildən sənətçi Azərbaycan Dövlət Musiqili Komediya Teatrında quruluşçu rejissor kimi fəaliyyətini davam etdirib. Burada F.Zöhrabov «Dəli dünya», «Bankir adaxlı», «Məhəbbət oyunu», «Talelər qovuşanda», «Aldın payını, çağır dayını» və s. kimi bir-birindən maraqlı tamaşalar hazırlayıb.

Allah rəhmət eləsin!

/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar