Ömrünün 66-ci ilini haqlıyan Ramiz Rövşən, təkcə Sovet və müasir Azərbaycan ədəbiyyatının şairi yox, həm də yazıçısı, kinodramaturqudur. “Bir yağışlı nəğmə”, “Göy üzü daş saxlamaz”, “Gedək biz olmayan yerə”, “Sevgi məktubu kimi” bir çox şeirlər kitabının müəllifi olan şairin şeirləri, bu gün də sevə-sevə oxunur.
Şairin “Bağışla”, ”Ayrılıq”, “Mən sənsiz ölmədim”, “Bu qatarın dalınca baxma” kimi, müəllifi olduğu bir sıra mahnıları isə klassik və estrada müğənnilərinin ifasında zaman-zaman səslənməkdədir. Ramiz Rövşən həm də “Məkanın melodiyası”, “Ömür ağacı”, “Özgə ömür”, “İşarəni dənizdən gözləyin” kimi bir çox bədii və sənədli filmlərin ssenari müəllifidir.
Onun şerləri və hekayələri tərcümə edilərək MDB ölkələrində, eləcə də ABŞ-da, Fransada, Almaniyada, Türkiyədə, İranda, Böyük Britaniyada çap olunub. Bəlkə elə buna görədir ki, şair qazandığı oxucu auditoriyasını şeirlərinin bərəkəti hesab edir.
“Əgər mənim Bakıdan Təbrizədək 100 000-lərlə oxucum varsa, bu mənim şeirimin bərəkətindən irəli gəlir. Şeirim mənə insanları qazandırıb. Tanrı nə yazıbsa, o ömrü də yaşayacam. “Həyatdan doymuşam” deyə bilmərəm. Hələ görmədiyim, görmək istədiyim çox şeylər var. Onların xatirinə yaşamaq istərdim”Ş deyə şair bildirir.
Cəmiyyətin danışan dili, görən gözü olan şairliyi, özünə missiya hesab edən Ramiz Rövşənin qələmi inanırıq ki, hələ çox mürəkkəb aparacaq. Oxucuları üçün isə Ramiz Rövşən hər zaman yüksəklikdədir.
Ad gününüz mübarək, vərəq və qələminizin tükənməməsi diləyi ilə…