Bakı. Ülkər Qasımova – APA. Rəsul Rzanın 100 illiyinə həsr olunmuş “Deyilən söz yadigardır” V Respublika bədii qiraət müsabiqəsi sabahdan öz işinə başlayır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın
APA-ya verdiyi məlumata görə, Azərbaycan söz xəzinəsinin nadir incilərindən olan şeir, mənsur şeir, nəsr yaradıcılığının geniş təbliği, bədii qiraət ifaçılarının yeni, gənc nəslinin üzə çıxarılması, mədəniyyət ocaqlarında bu işin daha da canlandırılması, aydın tələffüzü olan, səlis danışıq tərzinə malik gənclərin aşkarlanması və yetişdirilməsi məqsədilə keçirilir. Müsabiqənin seçim və final turları 01-03 dekabr tarixlrəində Göyçay rayonunun Heydər Əliyev Mərkəzində keçiriləcək. Müsabiqədə 18 yaşından 30 yaşına qədər hər bir şəxs (dövlət teatrlarında çalışan aktyorlar, şəhər və rayon mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrları və dram dərnəkləri kollektivlərinin üzvləri) iştirak edə bilər. Qalibləri müəyyən etmək üçün münsiflər heyəti yaradılıb. Müsabiqə qalibləri I mükafat – 500 manat, I dərəcəli diplom və laureat adı, II mükafat – 300 manat, II dərəcəli diplom və laureat adı, III mükafat – 250 manat, III dərəcəli diplom və laureat adı, eyni zamanda hər biri 100 manat məbləğində olan 3 həvəsləndirici mükafatla təltif olunacaqlar.