Qriqori Karasin: Qardaş Azərbaycanın uğurları bizi həmişə sevindirir
29 May 2012 Çərşənbə Axşamı 20:16
Qriqori Karasin: "Azərbaycan bir daha nümayiş etdirdi ki, o, qonaq qəbul etməyi və yeni parlaq ulduzları üzə çıxarmağı çox yaxşı bacarır".
Qardaş Azərbaycanın uğurları bizi həmişə sevindirir. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Azərbaycanın Rusiyadakı səfirliyində təşkil olunmuş qəbulda söyləyib. “Bu gün Rusiya “Eurovision-2012” mahnı müsabiqəsinin təsiri altındadır. Gözlənildiyi kimi, Azərbaycan bütün Avropa üçün möhtəşəm bayram təşkil etməklə bir daha nümayiş etdirdi ki, o, qonaq qəbul etməyi və yeni parlaq ulduzları üzə çıxarmağı çox yaxşı bacarır”, - deyə diplomat vurğulayıb.

Q.Karasin qeyd edib ki, çoxəsrlik dostluq telləri ilə bağlı olan xalqlarımızı ortaq tale, ortaq mədəniyyət birləşdirir və dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətləri yaranıb. Onun sözlərinə görə, əsası müasir müstəqil Azərbaycanın görkəmli siyasətçisi Heydər Əliyev tərəfindən qoyulmuş mehriban qonşuluq və əməkdaşlıq münasibətləri bu gün ölkənin indiki rəhbərliyi tərəfindən inamla davam etdirilir.

Nazir müavini Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi münasibətlərdən söhbət açaraq xatırladıb ki, iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dollara çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar