“Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçiriləcək
24 May 2010 Bazar Ertəsi 16:55
“Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçiriləcək. Abidənin qarşısına gələn hər kəs yaradıcılıq prosesini izləyə biləcək.
Heydər Əliyev Fondu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız Qalası” art qalereyasının təşkilatçılığı ilə may ayının 26-da “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalına start verilir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Beynəlxalq İncəsənət Festivalı Azərbaycanın ən qədim abidələrindən olan Qız Qalasının daha geniş çevrədə tanınması və populyarlaşdırılması məqsədi daşıyır.
Layihədə 18 ölkədən 20-dən çox tanınmış rəssam iştirak edir. Onlar öz milli üslublarında qalanın kiçik maketlərini naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrinin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradacaqlar.
26-28 may tarixlərində İçəri Şəhərə Qız Qalasının qarşısındakı meydana gələn hər kəs bu yaradıcılıq prosesini izləmək və rəssamlarla canlı təmasda olmaq şansı əldə edəcək.
Qeyd edək ki, UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçəri Şəhərin ərazisində yerləşən və paytaxtımızın rəmzi hesab olunan bu abidə Azərbaycan memarlığının incisi olmaqla yanaşı, xalqımızın qədim tarixinin və zəngin ənənələrinin təbliğinə, ümumbəşəri mədəni irsin zənginləşdirilməsinə və mədəniyyətlərarası dialoqa öz töhfəsini vermək iqtidarındadır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: