Qiymətdən ağır, məzmundan yüngül kitab problemi
06 Sentyabr 2011 Çərşənbə Axşamı 23:09
Problemlər kitab çapı üçün gətirilən kağıza 18 faiz ƏDV tətbiq olunmasından qaynaqlanır
Sentyabr ayında Bakıda keçiriləcək kitab sərgisi ərəfəsində Mədəniyyət və Turizm Nazirliyi ilə çap-poliqrafiya müəssisələrinin rəhbərləri bir araya gələrək kitab çapının problemlərini müzakirə ediblər.

Bir neçə gün əvvəl ANS TV-nin kitab çapının əsas problemlərindən birinin 18 faizlik əlavə dəyər vergisinin (ƏDV) tətbiqi olduğunu müəyyənləşdirmişdi və bu məsələ də görüşdə gündəmə gəlib. Tədbirdə dövlət rəsmiləri də problemin mövcudluğunu təsdiqləyiblər və qanunların dəyişəcəyi, ehtiyac olduğu halda əlavə dəyər vergisinin ləğvini də istisna etməyiblər. Kitabların bahalığının poliqrafiya cihazlarının qiymətinin yüksək olması ilə bağlı olduğu da vurğulanıb.

"100-ə yaxın poliqrafiya cihazı var. Onlar Azərbaycanda istehsal olunmur, xaricdən gətirilir. Buna nəzarət edən bir qurum olmalıdır ki, onlar gətirdiyi cihazları istədiyi qiymətə satmasınlar. Bu da nəticədə kitabın qiymətinin baha olmasına səbəb olur",- deyə «Təhsil» nəşriyyat-poliqrafiya birliyinin baş direktoru Bəhruz Axundov bildirir.

"Qanun" nəşriyyatının sahibi Şahbaz Xuduoğlu kitab çapı üçün gətirilən kağıza 18 faiz ƏDV tətbiq olunmasından narazıdır: "Azərbaycana daxil olan qəzet kağızı ƏDV-dən azaddır. Amma qəzetdən daha çox problemi olan kitab kağızı ƏDV-dən azad deyil. Azərbaycan kağız istehsal edən ölkə deyil. Kağız xarici ölkələrdən gəlir. Kağıza güzəşt olunmalıdır. Necə ki, Gürcüstanda var. Orada kitab çapına heç bir vergi tətbiq olunmur".

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev isə bunun qaçılmaz olduğun bildirir: "Bütün sənaye, ticarət müəssisələri üçün vahid qanuna görə ƏDV 18 faiz olmalıdır. Nəşriyyat, poliqrafiya işini yüksək səviyyəyə qaldırmaq üçün bu məsələyə baxıla bilər".


DOSTLARINLA PAYLAŞ:

oyunlar