Qədim Şamaxının qalıqlarını tapıb
10 Mart 2009 Çərşənbə Axşamı 22:35
bu tapıntı bir neçə gün əvvəl Şamaxı şəhərində 1 saylı məktəbin həyətində yeni binanın inşası zamanı aşkarlanıb və tikinti işləri dərhal dayandırılıb

Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya Institutu ekspedisiya qrupları qədim Şamaxı şəhərinin qalıqlarını tapıb. Institutunun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyiblinin ANS-ə verdiyi məlumata görə, bu tapıntı bir neçə gün əvvəl Şamaxı şəhərində 1 saylı məktəbin həyətində yeni binanın inşası zamanı aşkarlanıb və tikinti işləri dərhal dayandırılıb. Geniş arxeoloji qazıntıların aparılmasına ehtiyac yarandığından isə arxeoloji ekspedisiya ərazidə tədqiqatlarını davam etdirəcək. Qeyd edək ki, ekspedisiya qrupları Azərbaycanın müxtəlif bölgələrindəki 30-dan çox ərazisində qazıntı-tədqiqat işləri aparıb. Qarabağ bölgəsinin Azərbaycanın nəzarəti altında olan ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində isə Ağcabədinin Qalatəpə deyilən ərazisində qədim şəhər aşkar edilib. «Qədim yazılı mənbələrdə həmin ərazilərdə şəhər tipli yaşayış məskəninin olduğu barədə informasiyalar var idi. Lakin bu vaxtadək həmin şəhər yerinin harada olduğu məlum deyildi. Bu qazıntılar nəticəsində həmin şəhərin məhz bu ərazidə olduğu müəyyənləşib. Orada Qalatəpə adlanan abidədəşəhər yaşayış məskəninin qalıqları da aşkar edilib».
Bundan başqa daş dövründən orta əsrlərədək bütün tarixi mərhələləri əks etdirən qədim yaşayış məskənləri, qəbir abidələrində arxeoloji qazıntılar aparılıb. Elmə məlum, lakin maliyyə çatışmazlığından arxeoloji qazıntılar aparılmayan abidələr də tədqiq edilib. Hazırda işə cəlb olunmuş Yaponiya, Fransa, Almaniya, Gürcüstan və Birləşmiş Ştatlardan olan mütəxəssislərlə birgə qədim tapıntılar analiz edilir. Azərbaycanda müasir arxeoloji laboratoriya olmadığından Tovuzun Göytəpə neolit dövrünə aid abidəsinin yaşını dəqiq öyrənmək üçün aşkar edilmiş bəzi nümunələr isə Yaponiyaya göndərilib. «Neolit, tunc, antik dövrlərə aid abidələrdə qazıntılar aparılıb. Uzun müddətdir ki, bu tip abidələrdə qazıntı işləri aparılmayıb. O illərdə yaşayan insanların yaşayış tərzini əks etdirən maddi-mədəniyyət nümunələri aşkar edilib. Naxçıvanın Şərur rayonu ərazəsində ABŞ mütəxəssisləri birgə qazıntı aparıb. Oğlanqala abidəsində nadir tapıntılardan olan mixi yazılar aşkar edilib. Bu da Azərbaycanda qədim yazı sənətinin, dövlətçilik ənənələrinin öyrənilməsi üçün oduqca vacibdir».
Yerin altından başqa suyun dibində də yeni kəşflər olub. Nəcəf Müseyiblinin sözlərinə görə, uzun illərdir ki, dənizin altında təqdiqat işləri aparılmasa da, bundan sonra buna xüsusi diqqət veriləcək. «Xəzər ətrafı ərazilərdə bir sıra arxeoloji kəşfiyyat işləri həyata keçirildi. Bakı arxipelaqında da oldu və və əvvəllər elmə məlum olmayan yeni abidələr aşkar edildi və qeydiyata götürüldü. Xəzər dənizi sahil suları altında bir sıra abidələr var ki, geniş tədqiq edilməyib. Burada ətraflı tədqiqat işlərinin aparılmasına böyük ehtiyac var».
Şəmkirin Qaracəmirli kəndi yaxınlığında eramızdan əvvəl 1-ci miniliniyin ortalarına aid qədim şəhər məskənində də tədqiqat aparılıb. Ümumilikdə qədim tapıntılar üzərində analiz və təmizləmə işləri aparıldıqdan sonra isə bu eksponatların bir qisminin aşkar edilmiş rayonların tarix muzeylərinə göndərilməsi, digərlərinin arxeologiya və etnoqrafiya institutunun arxeoloji fonunda saxlanılması nəzərdə tutulub. Xatırladaq ki, prezidentin 5 fevral 2008-ci il sərəncamına əsasən 2008-2009-cu illərdə Azərbaycanda arxeoloji tədqiqatların aparılması məqsədilə Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya institutuna 1 milyon manat vəsait ayrılmışdı. Ötən ilki tədqiqat işlərinə məbləğin yalnız 300 min manatı sərf edilmişdi. İnstitut rəhbərliyi hesab edir ki, qalan 700 min manat vəsait hesabına bu il ikiqat atıq işlər görüləcək. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar