Qəbələdə III Beynəlxalq Musiqi Festivalı keçiriləcək
14 İyul 2011 Cümə Axşamı 10:29
Qəbələdə keçiriləcək III Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi 30 iyulda, bağlanış konserti isə 5 avqustda olacaq.
Qəbələdə keçiriləcək III Beynəlxalq Musiqi Festivalının proqramı təsdiqlənib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, Qəbələ III Beynəlxalq Musiqi Festivalının keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilib.
Bu ilin 15 iyul - 5 avqust tarixlərində keçiriləcək III Beynəlxalq Musiqi Festivalı çərçivəsində pianoçuların II Beynəlxalq müsabiqəsi də təşkil olunacaq. Festivalda Rusiya, Böyük Britaniya, İsrail, ABŞ, Norveç, Hollandiya, İtaliya, Fransa, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - Yuri Başmet və “Yeni Rusiya” simfonik orkestri, Boris Berezovski, Denis Matsuyev, Sergey Krılov, Anna Samuil, Sergey Leyferkus, Oksana Yablonskaya, Dmitri Yablonski, Massimiliano Pisapia və başqaları iştirak edəcəklər. Tədbirin yüksək səviyyədə hazırlanması və keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyində Təşkilat Komitəsi, Qərargah və İşçi qrup yaradılıb.
Təşkilat komitəsinin sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, sədr müavini mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, festivalın bədii rəhbəri, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, qurumun üzvləri nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadədir.
Festivalda Azərbaycandan, həm də xarici ölkələrdən bir çox tanınmış simalar da iştirak edəcəklər. Qəbələ III Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi iyulun 30-da, bağlanış konserti isə avqustun 5-də baş tutacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: