Qəbələdə beynəlxalq musiqi festivalı keçiriləcək
19 İyul 2010 Bazar Ertəsi 15:10
YUNESKO-nun baş direktoru İrina Bokova festivalın açılışında iştirak edəcək.
Heydər Əliyev Fondunun dəstəyi ilə iyulun 25-dən avqustun 5-dək Qəbələdə beynəlxalq musiqi festivalı keçiriləcək. Fonddan ANS PRESS-ə verilən məlumata görə, festivalda bir çox ölkələrin, o cümlədən ABŞ, Rusiya, İngiltərə, Fransa və İtaliyanın musiqiçiləri iştirak edəcəklər. Festivalın rəsmi açılışı iyunun 30-a nəzərdə tutulur. Açılış mərasimində YUNESKO-nun baş direktoru İrina Bokovanın iştirakı gözlənilir.
Beynəlxalq festivalın qonaqları sırasında isə Yuri Başmet, Boris Berezovski, El Cerro kimi dünya şöhrətli sənət korifeyləri ilə yanaşı, gənc musiqiçilər də iştirak edəcəklər. Bu il gənc musiqiçilər üçün ustad dərslərinin keçirilməsi nəzərdə tutulur.
Festival çərçivəsində tamaşaçılara Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Orkestri ilə yanaşı, London Kral Filarmonik Orkestrinin ifasında konsert proqramları təqdim olunacaq. Proqrama Ü. Hacıbəyli, Q. Qarayev, F. Əmirov, P. Çaykovski, S. Raxmaninov, V. A. Motsart, F. Şubert və digər bəstəkarların əsərləri daxildir. Festival günlərində caz həvəskarları 7 dəfə “Qremmi” kimi ən yüksək Amerika musiqi mükafatını almış cazmen El Cerronun ifası ilə daha yaxından tanış olacaqlar.
Xatırladaq ki, sözügedən festival ötən il də Qəbələdə keçirilmişdi. Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, festivala qatılan çoxsaylı yerli musiqisevərlərə dünya musiqi inciləri ilə yaxından tanış olmağa imkan yaradacaq. anspress
DOSTLARINLA PAYLAŞ: