Qəbələ IV Beynəlxalq Musiqi Festivalı başlandı
25 İyul 2012 Çərşənbə 01:03
Qəbələ IV Beynəlxalq Musiqi Festivalı başlandı. Əbülfəs Qarayev: Hamı Qəbələyə gözəl səsi ilə hər bir kəsi sehrə salan dahi musiqiçi Müslüm Maqomayevin işığına toplaşıb.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə iyulun 24-də Azərbaycanda növbəti möhtəşəm incəsənət bayramı - Qəbələ IV Beynəlxalq Musiqi Festivalı start götürüb. AzərTAc xəbər verir ki, “Qafqaz Resorte” otelinin kamera zalında keçirilən musiqi bayramının ilk konserti SSRİ Xalq Artisti, dünya şöhrətli musiqiçi Müslüm Maqomayevin 70 illik yubileyinə həsr edilib.
Əvvəlcə unudulmaz opera və estrada müğənnisi Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı səsləndirilib.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək dahi musiqiçi Müslüm Maqomayevin həyat və yaradıcılığından danışıb. Müslüm Maqomayev yaradıcılığının yüksəkliyindən və özəlliyindən söhbət açan nazir bu beynəlxalq musiqi festivalının keçirilməsi ilə bağlı irəli sürülən gözəl təşəbbüsə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib. Nazir bu gün hamının Qəbələyə gözəl səsi ilə hər bir kəsi sehrə salan dahi musiqiçi Müslüm Maqomayevin işığına toplaşdığını bildirib. O, bu cür festivallara hər zaman ehtiyac olduğunu qeyd edib.
Müslüm Maqomayevin Azərbaycan musiqisinin dünyada tanıdılmasında məxsusi rolu olduğunu deyən Ə.Qarayev bildirib ki, “Müslüm Maqomayev çox uca ifaçılıq məktəbinə məxsusdur: “İllər, əsrlər keçsə də, bu dahi musiqiçi heç bir zaman unudulmayacaq. Sübhəsiz, burada yubileyin keçirilməsi olduqca önəmlidir. Bu gün Müslüm Maqomayevin musiqisi bütün dünyanı riqqətə gətirir və hamı bu ecazkar səsi doymadan dinləyir. Bu məkana toplaşan insanların sayından da Müslüm Maqomayev sənətinin əzəməti hiss olunur”.
Müslüm Maqomayevin 70 illik yubileyinə həsr edilmiş konsert məşhur rus bəstəkarı Sergey Raxmaninovun “Qəm etmə” və “Vokaliz” əsərləri ilə başlanmışdır. Daha sonra konsertdə R.Ştrausun “Serenada”, İ.Bramsın “Yasəmən çiçəklənəndə”, R. Şumanın “Fantaziştük”, Ü. Hacıbəylinin “Sevgili canan”, T. Quliyevin “Sənə də qalmaz”, M. Əhmədova və V.Mustafazadənin “Düşüncə”, S.Rüstəmovun “İntizar”, F.Bədəlbəylinin “Şuşa”, Q.Qarayevin və C.Hacıbəyovun “Vətən” operasından Mərdanın ariyası, M.Maqomayevin “Elegiya” əsərləri səsləndirilib.
Konsertdə Qəbələ IV Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor, “Şöhrət” ordenli Fərhad Bədəlbəylinin ABŞ və Rusiyanın dünya şöhrətli məşhur violonçel ifaçısı, “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru, festivalın bədii rəhbəri Dmitri Yablonskinin, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadənin, tanınmış vokalçılar - Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri Fəridə Məmmədovanın, Xalq Artisti, Prezident təqaüdçüsü Əvəz Abdullayevin, Opera və Balet Teatrının və Ş.Məmmədova adına Opera Studiyasının solisti Səbinə Əsədovanın, Dövlət Akademik Opera və Balet Teatrının solisti, Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar Artist, Prezident təqaüdçüsü Gülnaz İsmayılovanın ifasında klassik musiqilər alqışlarla qarşılanıb.
Yubiley konsertini izləyənlər arasında Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ Xalq Artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya, Milli Məclisin deputatı Fəttah Heydərov, tanınmış musiqiçilər, dövlət və hökumət nümayəndələri, musiqisevərlər olublar.
Qəbələ şəhərində iyulun 24-dən avqustun 5-dək keçiriləcək musiqi bayramında Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.
Festivalın rəsmi açılış mərasimi iyulun 25-də olacaq.
DOSTLARINLA PAYLAŞ: