Qaraqanın hip-hopu baş tutdu
12 Aprel 2011 Çərşənbə Axşamı 23:04
Opera və Balet Teatrına gələnlər konsertin çox uğurlu keçdiyini söyləyib
Bu gün Azərbaycan Opera və Balet Teatrında ilin gənci, H.O.S.T qrupunun solisti Elxan Qaraqanın “Mənim qaranlığım” adlı konserti keçirilib. Azərbaycanda ilk dəfə balet və pantomimin müşayiəti ilə keçirilən hip-hop müzikl konsertə müxtəlif yaş qruplarına mənsub tamaşaçılar gəlib. Tədbirin rəsmi qonaqları sırasında ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları, siyasətçilər, şou-biznes nümayəndələri olub. Zalın ön sıralarında əyləşənlər arasında Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə, jurnalist Qulu Məhərrəmli, deputat Aqil Abbas, yazıçı Rəşad Məcid, bəsətkar Vaqif Gərayzadə, telejurnalist Nərgiz Cəlilova, müğənni Faiq Ağayev, Fərqanə Qasımova, Siyavuş Kəmimi və digərləri var idi. Tədbirin birinci hissəsini pantomima aktyoru Pərviz Məhərrəmov açıb. Pantomim rəqsin ardından proqram Qaraqanın musiqiləri və klipləri ilə davam edib.

Konsertdən sonra ANS PRESS-in əməkdaşı ilə öz təəssüratlarını bölüşən ABŞ səfirliyinin əməkdaşı H.O.S.T qrupu haqqında məlumata malik olduqlarını deyib. Qrupun mahnılarını dinlədiyini və bəyəndiklərini söyləyib.

İqbal Ağazadə isə konsertin çox maraqlı keçdiyini deyib: “Hesab edirəm ki, Azərbaycanda yeni nəsil formalaşır. Mən Qaraqanın əsərlərini oxumuşam, hesab edirəm ki, bu musiqi sahəsində yeni bir cığırdı. Çox sevindirici haldır ki, heç bir reklam və dəstək olmadan istedad özünü göstərir. Həqiqətən Azərbaycanda yeni nəslin həm üslub, həm də forma cəhətdən formalaşdığı müşahidə olunur. Burada hər şey insanı düşündürür, çox bəynədim”.

Öz növbəsində Qulu Məhərrəmli bildirib ki, Azərbaycanda ilk dəfədir ki, belə konsert keçirilir: “Hesab edirəm ki, uğurlu olub. Hiss olunur ki, həm kino, həm teatr elementlərini birləşdirir bu konsert. Həmçinin sözün məharəti ilə də bir çox mətləblərə toxunulur. Bu böyük bir ənənənin başlanğıcı ola bilər”.

Məhərrəmli qeyd edib ki, repin mahiyyəti bizim cəmiyyət üçün maraqlı olmalıdır. Çunki rep sosial reportaj və ictimai mahiyyət ifadə edir.

Rəşad Məcid isə Qaraqanı yeni nəslin istedadlı nümayəndələrindən biri adlandırıb. “Onun əsərləri cavanlar arasında sevilir. İnanıram ki, onlar gələcəkdə də yaradıcılıqlarını təkmilləşdirəcəklər”, - deyə yazıcı qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar