Qarabağda qalan izlər
13 Dekabr 2010 Bazar Ertəsi 13:00
"El" jurnalı xalq yazıçısı Əli Vəliyev barəsində
Əli Vəliyev XX əsrin övladıydı. 1901-ci ildə Qərbi Azərbaycanda, Sisyan rayonunun Ağdü kəndində dünyaya gəlmişdi. Ailəsi haqqında, Qara kişinin külfəti barədə məlumat, demək olar, yox dərəcəsindədir. Atam ailədə tək, ya bacı-qardaşlı olub, bilinmir. Sonradan-sonraya, artıq xalq yazıçısı olanda, kənddən-kəsövdən işi dolaşığa düşən, köməyə ehtiyacı olan, ya başqa səbəbdən yanına onu tanıyan çoxlu adam gələrdi. Atam onları dinləmədən, nə üçün gəldiklərini xəbər almadan sorğu-suala tutar və birinci sualı da bu olardı ki, neçə övladın var? Vay o gündən, eşidəydi onun yanına gələn adam bir, yaxud iki övlad atasıdır. Səsini qaldırıb o adama ərkyana təpinərdi: "Ə, yekə kişisən, get millət əkən ol, yarat, oğul-uşaq götürsün ətrafını, bir-iki nədi?". Bu xatirəmin üstündən belə fikirləşirəm ki, onların da külfəti böyük olub. Amma bizə məlum olanı o kəndin başına gələn müsibətli hadisədir. Onun ömrünün hələ erkən çağlarında, ağlı dünyanın betərini, qara üzünü bilməyən vaxtlarda kəndə yatalaq xəstəliyi üz verir. Yoluxucu xəstəlik kəndin elə qapısı, elə ocağı olmur ki onu döyməsin, ora soxulmasın. Onların da ailəsi tamam yatalağa düşüb qırılır. Tək bircə atam sağ qalır. Özü danışardı; yalqız, kimsəsiz-heçnəsiz, hündür, amma çəlimsiz bir oğlan doğmalarının qəbir daşlarını qucaqlayıb əldən düşənə, əhədi kəsilənə qədər ağlardı. Ağlamaqdan təsəlli tapa bilməyən atam, halsızlıqdan öləcəyini görüb, durub yollanır gözü haranı tutursa ora. Nəhayət, gəlib çatır Ağdam bazarına. Eynilə orta əsrlərdə qul satılan kimi, özüyçün bazarda haray-həşir salır. Onu eşidən, maraqlanan, elə bil, bu qədər millətin içində ərşə çəkilir. Həmin günü özü tez-tez xatırlardı: "Bazar tünlük idi. Bura ətraf obalardan da çoxlu adam gəlmişdi. Yatalaq əlindən qaçqın-köçkünlər cavanlıq satıb taxıl alır, oturaqlar taxılı cavanlığa dəyişirdi. Oturmaqdan yorulur, gözləməkdən səbrim kəsilir, aylıq məni üzürdü. Axşam düşürdü. Heç kim yaxınlaşıb mənlə maraqlanmırdı ki, a bala, burda nəyi gözləyirsən? Nə vaxtsa bal kimi şirin, gültək ətirli həyat dönüb olmuşdu mənimçün zəqqum. Deyəsən, ölümün özü də məni unutmuşdu, gəlmirdi bu bəladan yanımı qurtara. Şər qarışanda, bazardan əl-ayaq çəkiləndə gördüm, bir atlı gəlib tuşumda saxladı:

- Burda niyə oturmusan, oğul?
Halsız-halsız dilləndim:
- Nökər olmaq istəyirəm, əmi.
- Haralısan?
- Zəngəzurlu.
- Zəngəzurun harasındansan?
- Sisyanın Ağdü kəndindən.

Nə isə, onu evinə gətirən həmin kişi Qarabağın məşhur Behbudovlar nəslindənimiş. Alı bəy Behbudov idi adı. Sonradan, Şura hökuməti qurulanda, onun uşaqları da, atalarının bəy olmasına baxmayaraq, yaxşı vəzifələrdə işləyiblər. Atamın hörmətini saxlayıblar. Alı bəy də atamın xətrini çox istəyirdi. İşgüzarlığına, əli, dili düz oğlan olduğuna görə.

Alı bəy hələ o zaman təhsilin qiymətini bilən adam olub, uşaqlarını oxutdurub. Bu evdə təhsilə verilən qiymət öz təsirini atama da göstərib. Sonradan onun oxumağa güclü həvəsi də elə burdan, bu varlı ailədən başlayıb. Qaldı, həmin evdə dədəm necə nökərçilik eləyib, günü orda necə keçib, bu barədə özünün qalın-qalın kitablarında çox yazıb. İllah da, "Budağın xatirələri" adlı bioqrafik romanında. Yazdıqlarının içində daha maraqlı, onun həyatı üçün mühüm olan bir hadisə də var. Həmin bu hadisəni o, sözündə-söhbətində heç bizdən, övladlarından da gizlətməzdi. Baş götürüb qaçdığı kənddə bir ceyrangözlüsü də qalmışdı. Atamdan 4-5 yaş böyük olan o qızın adı Gülbuta olub. "Budağın xatirələri"ndə Gülqız adlandırıb onu. Deyilənə görə, bir Ay parçasıymış, adamı ovsunlayıb özünə çəkirmiş. Gözəlliyindən çox suyuşirinliyiylə. Gülbutanın böyük bacısı ərə getmədiyindən, o da kənddə qəbul olunduğu kimi, oturub gözləyirmiş. İlk məhəbbəti onunla əhd bağlayıbmış. Onların kəndində yetişən dilqanadı adlı ülgücdən iti otla hər ikisi barmağını çərtib, qanlarını öz çit dəsmallarına bulamışdılar:
- Deyirlər, dəsmal ayrılıqdır. Qoy, bu ayrılıq dəsmalının qanı quruyub-çəkiləndə yenidən bizi birləşdirsin.
Kitabında yazdığı kimi, nədənsə, dədəm elə bilirdi, o qız da yatalağa tutulub vəfat edib. Kənddən çıxarkən ürəyində apardığı dərdə nakam sevdası da qarışmışdı.

Elə həmin illərdə, dədəm demişkən, Şura hökuməti gün kimi hər yeri tutmaqda idi. Kəndlərdə tez-tez iclaslar çağırılır, mərkəzdən, qəzalardan hökumət nümayəndələri gəlib nitq söyləyir, kasıblara, muzdurlara haqlarını tanıtdırdılar. Bu zaman onunçün də oxuyub, təhsil almaq imkanı yaranır.
Danışırdı, kənddə məktəbə bina tapmaq çətin bir işə çevrilmişdi. Kimdən məktəbə sinif üçün otaq istəyirdilər, bir bəhanə ilə yoxa çıxırdı, özünü bu işdən qaçırırdı. Hansı qapıya gedirdilər, o evin yiyəsi guya harasa uzaqlara səfərə getmiş olurdu. Günlərin birində bir kişi evdə imiş. Eşidir ki, Şura işçiləri onun evinə gəliblər. Dərhal qaçıb yorğan-döşək yığılan yükün altına girir. Ancaq qıçları qalır bayırda. Nümayəndə kişinin harda olduğunu soruşur. Qadın deyir, qonşu kəndə gedib, hələ qayıtmayıb. Nümayəndə gəlib yükün qabağında durub, əlindəki çubuqla ayaqlara çırpa-çırpa yanındakı müəllimə deyir: "Bax, buraya lövhə qoymaq olar. Otaq da sinif üçün çox uyğundur". - Əlindəki çubuğu var-gücüylə bir daha kişinin çöldə qalan qıçlarına ilişdirib qışqırır. - "Bu qıçların yiyəsi mənim sözlərimi artıq eşitdi, özü də susmasından görürəm razıdır. Sabahdan uşaqları gətirin, burda dərs keçin".
Səhəri gün həmin evi məktəb elədilər.

Bax, beləcə, yoxsulların uşaqlarına bilik verirdilər. Atam bu mühitdə dünyaya göz açmış, oxuyub orta məktəb təhsili almışdı. Nə qədər insanları kiminsə qapısında işləyib nökərçilik eləməkdən, kiminsə əlinə baxmaqdan, möhtac qalmaqdan azad etmişdilər. Onu mövqeyindən, fikrindən heç nə ayıra bilməzdi. O, ömrünün sonuna qədər Şovet hökumətinə inanırdı. Doğrudur, gözü qarşısında çox işlər olmuşdu, çox dəhşətli, sarsıdıcı hadisələrin şahidiydi, səksəkəli, ölümlü-itimli repressiya illərində göz qabağında olan şəxslərdən biriydi. Çox da Mircəfər Bağırovun dostuydu. O zaman bu gün dost olan, sabah xalq düşməninə çevrilirdi. Bir gün gəlib onu da apara bilərdilər. Onu həmişə torpaq kimi bəhrəli sayıblar, məhsuldar işləyən yazıçı hesab ediblər. İnandırım sizi, Əli Vəliyev gördüklərinin, bildiklərinin, Sabir demişkən, ondabirini yazmırdı. Bir dəfə katib işlədiyi dövrlərdə başına gələnlərdən danışanda gənc yazıçılardan biri, deyəsən, mərhum Eldar Baxış soruşmuşdu:

- Əli baba, bu maraqlı hadisələri niyə qələmə almırsan?
Atam suala belə cavab verdi:
- A bala, sözə hədd qoyulan yerdə hər olanı yazmaqmı olar?

Amma özü də sözə hədd qoyulmasının tərəfdarıydı. Yoxsa deyərdi, ağzıboşlıq baş alıb gedər bu dünyada. Hərdən fikirləşirəm, bəlkə elə bugünçün deyib o sözləri. Onun bioqrafiyası da, yaradıcılığı da SSRİ-nin mərhələ-mərhələ dövrləriylə yanaşı gedirdi. 20-ci illərin sonunda kənddə orta məktəbi bitirib yollanır Bakıya, Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində təhsilini davam etdirməyə. Burada oxuyan zaman ictimai fəaliyyətə də başlamış, özünü fəal gənc kimi göstərə bilmişdi. Elə həmin illərdə, digər işləriylə yanaşı, ilk hekayələrini yazmaqla da məşğuluydu. "Nənəmin cəbhəsi" adlanan birinci kitabı institutda oxuduğu illərdə çap olundu. Əli müəllim, görün, nə qədər özünü fəal göstərə bildi ki, ali təhsilini başa vuran kimi, onu Qubadlı rayonuna Partiya Komitəsinin katibi vəzifəsinə göndərdilər. Orda Cəmil Eminov adlı ziyalı bir şəxslə dostluq edirdi. Cəmil əmi özü Mahmudlu kəndinin sakiniydi. Ailəsi vardı. Atam da tez-tez onların evinə qonaq düşərdi. Bu evdən azca aralı, Aşağı Dərə adlanan yerdə Fərhad adında bir zəhmətkeş kişinin ailəsi yaşayırdı. Onun böyük qızının adı Qumruydu. Bu yerlərə gəlib-gedəndə bir-iki dəfə həmin qız atamın gözünə dəyir. Sonra hər gələndə atamın qıza göz yetirdiyini görəndə, Cəmil əmi dönüb başlayıb onunla açıq danışmağa:

- Əli, daha subaylıq yaşın keçir. Gəl səni bir halal süd əmmişlə evləndirək.
- Ay Cəmil, deyirsən də; halal süd əmmişi axtarıb-tapmaq da var axı.
- Bəs sənin o gözdən qoymadığın qonşumuzun qızı barədə fikrin nədir?
- Nə qonşu, hansı qızı gözdən qoymuram? Özün bili-bilə ki, mən olan bəndə dönüb heç çiynim üstdən qızlara baxmıram, bu nə sözdür danışırsan?
- Mən bildiyimi deyirəm, sən də gəl özünü bilməzliyə vurma.

Gülüşürlər. Sonra da söhbəti ciddi məcraya yönəldirlər. Bax, elə həmin ciddi söhbətdə bizim ailəmizin təməli qoyulur. Qumru xanımla atam qırx ildən çox ömür sürdü. Evləndikləri ilk vaxtlarda Mahmudluda qalırdılar, biz də, yəni onun övladları, orda dünyaya gəlmişik. Amma biz hələ uşaq olanda atamı Bağırov özü çağırdı Bakıya. Bu olub 1937-ci ildə. Dəqiq yadımdadır. Biz Bakıya gələndə artıq atama Çkalov küçəsində (indiki Niyazi küçəsi - red.), Bağırovun iqamətgahından bir az yuxarıda 100 kvadratmetrlik mənzil vermişdilər. Sən demə, bu mənzildə bizdən əvvəl respublikanın tanınmış bir şəxsiyyəti yaşayırmış. Onu gəlib çörək yediyi yerdə həbs edib aparmışdılar. Atam mənzilə girəndə köhnə ev yiyəsinin nəfəsinin istisi hələ burdan çəkilməmişdi. Atam görür, bütün əşyalar necə qoyulubsa, eləcə durub-dayanıb. Çörək yeyən zaman onu gəlib apardıqlarından, yazığın stolunun üstündə boşqab yeməklə dolu qalıb, stəkanda yarımçıq çay… Atam bu mənzərədən elə sarsılıb ki, evdən çıxıb birbaş bu işlərlə məşğul olan adamn üstünə gedib. O, mənzildən çöpə qədər nə varsa çıxarılmasını, büsbütün təmir olunmasını tələb edir: "Mən uşaqlarımla çöldə qalaram, amma ora girə bilmərəm". Yalnız onun dediyi kimi edəndən sonra biz o mənzilə köçdük. Atam əvvəl Voroşilov Rayon İcraiyyə Komitəsinin (indiki Səbail rayonu - red.) sədri vəzifəsində işləyirdi. Bu vəzifəylə yanaşı o, Azərbaycan Yazıçılar İttifaqında katib vəzifəsini də aparırdı.
İşə can yandıran və çox məsuliyyətli adamıydı. Bilmirəm, bu xüsusiyyətlərinə görəmi, ya sadə xalq adamı olduğundan, ya da hansı bir səbəbdənsə Mircəfər Bağırov onun xətrini çox istəyirdi. Hətta zarafatları da vardı aralarında. Bir dəfə istirahət günüydü. Səhər-səhər eşitdik qapımızı döyürlər. O zaman qapıların döyülməsinin nə demək olduğunu hamı bilirdi. İstər səhər olsun, istər gecə döyülən qapılar, xeyrə yox, bədbəxtliyə olardı. Ürəyimizin döyüntüsünü qulaqlarımızla eşidirdik desəm, yalan bilməyin. İki nəfər formada atama dedi ki, geyinib düş aşağı. Atam heç nə demədən yüngül geyindi. Yay aylarıydı. Yalnız qapıdan çıxan zaman ötəri və sakit tərzdə dönüb bizə baxdı. Yəni hər şey ola bilər. Onu maşınla aparırlar Bağırovun Zuğulbadakı bağ-evinə. İçəri girib görür yaxşı, təmtəraqlı bir süfrə açılıb. Yan dərmanı desən, stolda var. Bəli, respublikanın yiyəsi istirahət eləyir. Ürəyi istəyən adamı da çağırtdırıb ki, bir yerdə təam eləsinlər. "Zalım oğlu, bunu əvvəldən deyib, gətirdə bilməzdin məni bura", - deyə atam ürəyində gileylənir. Bağırov stolun üstünə qoyulan o vaxtın iri stəkanlarını araqla ağzınacan doldurur. Atamın spirtli içki dilinə vurmadığını birinci katibin özü də bilirdi, amma nəsə onun da stəkanını ağzınacan doldurur. Bağırov ayağa durur, öz stəkanını əlinə götürüb sağlıq deyir:

- Bunu içirik atamız, xalqımızın qəhrəman oğlu, böyük, dahi rəhbərimiz İosif Vissarionoviç Stalinin sağlığına! İndi istəyirsən on dəfə, yüz dəfə tövbəli ol. O yerdə, o sağlığa içməməyə deyin görüm, kimin hünəri çatar? Heç kimin. Heç atamın da. Yazıq kişi, stəkanı götürüb birnəfəsə çəkir başına. Özünə gəlməmiş, nəfəsini dərməyə macal tapmamış Bağırov yenə onun stəkanını ağzınacan doldurdu, yenə sağlıq deməkdən ötrü ayağa qalxdı:

- Bunu da içək mənim, Mircəfər Bağırovun sağlığına!
Atam yenə də birnəfəsə arağı içir. Amma bu dəfə stəkanı stola qoymamış ürəyi gedib yıxılır. Həkimlər onu aparıb özünə gətirəndən sonra evə yola salırlar. Sabahısı gün, artıq şəhərdə, Bağırov atamı yanına çağırtdırıb ciddi soruşur:

- Sluşay, tovariş Alı Qaraoqlu, dünən nə olmuşdu bizi belə bespokoit elədin?
Atamın hazırcavablığını bilirdi. Gözləyirdi, görsün, indi nə deyəcək. Atam da təmkinlə dedi:
- Yoldaş Bağırov, sonra nə oldu, onun bir o qədər də əhəmiyyəti yoxdur. Əsas odur, məmləkətdə iki böyük kişi var. İkisinin də sağlığına içə bildim.

Bağırov onun cavabına ləzzətlə, ürəkdən güldü.

Zarafatlarına baxmayaraq, atam ondan həm ehtiyat eləyərdi, həm də hörmətlə onun adını tutardu. İkinci mərtəbədə olurduq. Pəncərəmiz Birinci katibin işə getdiyi yola baxardı. Bizimlə üzbəüz, filarmoniyaya baxan binada İsmayıl Dağıstanlı, Şəmsəddin Abbasov və başqa tanınmış adamlar yaşayırdılar. Mən, Məsud, Gültəkin pəncərədən onların uşaqlarıyla, illah da, sonradan məşhur aktyor olacaq Gündüzlə zarafatlaşar, əlimizə nə keçdi bir-birimizə atardıq. Elə ki Bağırov evindən çıxardı, atam, elə bil, sarısını udardı, həyəcanlı pıçıltıyla anama deyədi:

- Ay Qumru, kişi işə gedir. Tez ol, pəncərəni bağla. Uşaqlar əllərindən küçəyə nəsə salarlar.
Bağırov yan-yörəsiylə, piyada, əllərini arxasında birləşdirmiş halda, yavaş-yavaş qalxardı Mərkəzi Komitənin binasına. Atamla tez-tez görüşərdi. Bütün vəzifələrə şəxsən özü onu təyin edərdi. Müharibə başlayanda ən vacib sahələrdən biri təbliğat idi. 1941-ci ildən etibarən "Kommunist" qəzetinə Əli Vəliyevi Baş redaktor təyin etdilər. Onun müavini görkəmli jurnalist Nəsir İmanquliyev idi. Atamın hər cür imtiyazı varıydı. Amma evdəkiləri bu imtiyazlardan uzaq saxlardı. Hətta ürəyində çatışmazlığı olan anam harasa getmək üçün ondan maşın göndərməyi xahiş edəndə, deyərdi: bu maşın dövlət işlərinə ayrılıb, sən Qumru, yaxşı olar, 11 nömrəylə, yəni ayaqla gedəsən. Çox qanunpərəstdi və qaydaları güdməkdə sərt xasiyyətli vardı. Amma elə ki nəyə görəsə qonorar alardı, ondan mütləq müəyyən faiz ayırıb başlardı süpürgəçidən tutmuş, katibəyə qədər hamıya pul paylamağa. Deyərdi, mənim işimdə onların da zəhməti var. Bunu etməsəm, halal olmaz.

"Kommunist" qəzetində uzun müddət işlədi - 49-cu ilə qədər. Qəzetin ən çətin və məsuliyyətli vaxtları müharibə illərində oldu. Əli müəllim bu illərdə yaşadığı, gördüklərinin bir qismini "Cəbhə hekayələri" kitabında yazıb. O, Sovet Ordusunun döyüşdüyü əksər cəbhələrdə olub, ağır döyüşlər, yaralanan, həlak olan, qəhrəmanlıq göstərən əsgərlər haqqında yaddaqalan, xalqda ruh yüksəkliyi yaradan bədii-publisistik əsərlər, oçerklər yazardı. O illərdə Əli Vəliyevin bir ayağı burda, bir ayağı cəbhələrdə idi. Çox işləyirdi. Müharibədən sonra da yaradıcılığında dönə-dönə görüb-şahidi olduğu hadisələrə qayıdar, cəbhə qeydlərinin əsasında irili-xırdalı əsərlər yazmaqdan usanmazdı.

Əli Vəliyev kəndi çox sevirdi. O, torpaq adamıydı. "Kommunist"in hər nömrəsində kəndin problemlərindən yazılar yerləşdirərdi. Yazıçıların çoxu fəaliyyətinə jurnalistlikdən başlayıb. Açın yazıçıların xatirələrini, oxuyun. Görəcəksiniz, Əli müəllim gənc qələm dostlarına iki-üç gün şəhərdə qalmağa imkan verməzdi. İsmayıl Şıxlı xatırlayır ki, bir gün onu çağırıb hansı rayondasa təsərrüfatla bağlı keçirilən vacib tədbir haqda yazmağa göndərir. İsmayıl Şıxlı çox xahiş edir ki, Əli müəllim, şəhərdə işim var, olar bir başqasını göndərəsiniz?

- Yox, ay İsmayıl, bu sənin qələminin məhsulu olmalıdır. Səndən başqa bunu mən istəyəntək yazan olmayacaq.
İsmayıl Şıxlı deyir, könülsüz razılıq verdim, ürəyimdəsə fikirləşdim ki, bir bəhanə gətirib getməyəcəyəm. Kişi, elə bil, fikrimi üzümdən oxumuşdu. Otaqdan çıxanda məni saxlayıb soruşdu:
- Şalvarının dizindəki o yağ ləkəsidir, elə?

- Hə, Əli müəllim. Yataqxanada qayğanaq bişirəndə otaq yoldaşım qoluma toxunub, üstümə sıçratmışam.
- Yox, ay bala, sənə bu şalvarda gəzmək yaraşmaz, get təzəsini al, - deyərək, cibindən pul çıxarıb mənə uzatdı. Etiraz elədim, almaq istəmədim.

- Mən sənə bunu borc verirəm. O oçerkinə görə sənə yaxşı qonorar yazacağam. Mənim borcumu da qaytararsan, özünə də cibxərcliyi qalar.

Beləcə o, gənclərin xətrinə dəymədən, özündən incitmədən, işdən soyudub-uzaqlaşdırmadan kəndə göndərərdi. O, torpaq adamının torpaqdan ayrılmasına imkan verməzdi. Bütün Qubadlı, Mahmudlu kəndi hər gün bizim evdə olardı. Qapını bağlamaqdan zəhləsi gedərdi. “Kənddən kiminsə ehtiyacı olar, gəlsə, birbaş mənim yanıma göndərin”, deyərdi. Nə yaxşı ki 83-də vəfat etdi. Torpaqlarımızın itirilməsinə dözməzdi. Mən qızı kimi deyirəm ki, onun doğulduğu, uşaqlığı, gəncliyi keçdiyi yerlərin işğal olunub, bizim ora yolumuzun bağlanmasına tab gətirməzdi. Ya ölər, ya da havalanardı.

Allahıma and olsun, onun qədər millətinə, xalqına, torpağına, dilinə bağlı olan adam çox az tapılar. Elə indinin özündə də. Əli müəllimdə bu sadaladıqlarıma fanatikcəsinə bağlılıq vardı. Bir dəfə Moskva şəhərində mühüm bir ədəbi tədbir keçirilirdi. Məni də özüylə aparmışdı. Təyyarəylə getmişdik. Domodedovada (Moskvada hava limanı - red.) taksiyə oturanda, o bizimlə gedən Nəbi Xəzrinin israr etməsinə baxmayaraq, keçib mənimlə arxada əyləşdi. Şəhərə çatmışdıq. Əli müəllimin əynində boz rəngdə palto, başında yağışdan islanmış pişik tükünü xatırladan qulaqlı papaq vardı. Sakitcə oturub kənar, elə bil, yad, qərib nəzərlərlə Moskva küçələrinə baxırdı. Birdən Nəbi Xəzri geriyə döndü:
- Əli müəllim, Siz xalq yazıçısısınız, əsərləriniz bütün dillərə tərcümə edilib, Moskvada Sizi Sovet ədəbiyyatının canlı klassiki kimi tanıyırlar. Niyə geyiminizə fikir vermirsiniz? Bakının mağazalarında nə satılır, onu da alıb əyninizə geyinirsiniz.

Nəbinin dedikləri dədəmin heç halına da təfavüt eləmədi. Bir neçə il bundan qabaq maşınla ağır yol qəzasına düşmüşdü, ona görə də əvvəlcə gənc şair həmkarından tələb elədi düz otursun, sürücüyə mane ola bilər. Sonra da aram-aram bunları dedi:

- Qurban olum öz Vətənimizə, onun sənayesinə. Əgər mənim Vətənimdə ayaqqabı, papaq, pal-paltar istehsal olunursa, niyə gedib başqa xalqların sənayesinə xeyir verməliyəm? Bu gün zəif hazırlayırlar, görəndə ki alınır, sabah bundan yaxşısını istehsal edərlər. Ay Nəbi, bunları da kimsə alıb geyinməlidi, ya yox?!

Bu sözləri ona tutulan iradın altından çıxmaqdan ötrü yox, sidq-ürəkdən deyirdi. Bu sözlərlə soyuq, çiskinli, üşüntülü Moskva havasına, elə bil, Bakı, Azərbaycan istisini gətirdi. Bəlkə də onun əsərlərindəki problematika artıq günümüz üçün aktual deyil.Amma qoy gənclərimiz onun əsərlərini bir də götürüb oxusunlar. Qərib ölkədə, qərib yerdə bir ovuc Vətən torpağının qoxusu adamın xəyalını hansı uzaqlığa aparırsa, Əli Vəliyevin də əsərlərindən o uzaq, amma məhrəm, ürəkgöynədən doğma istini duyub təsirlənmək olar. Bu gün mən, mənim tanıdığım adamlar onun əsərlərini oxuya-oxuya elə bilirik, o itirilmiş torpaqlarımızı gəzib-dolanırıq. Həmin əsərlərdə o doğmalığı duya bilən adam üçün, sabah torpağımızı geri qaytarmaqdan ötrü gedib ölməkdən şirin heç nə ola bilməz. Əli Vəliyevin yaratdıqlarının bu gün üçün tərbiyəvi əhəmiyyətini uzaqda axtarmaq lazım deyil.

Bizim evə həmişə onun yazıçı dostları gələrdilər, gecəyə kimi söhbətlər edərdilər. Öləndən sonra da yazıçılar arasında onun barədə söhbət düşəndə, xatirə-xatirəyə qarışardı. Yazıçılar dədəmlə bağlı, az qala, lətifəyə çevrilən hadisələri bir-birinə aman vermədən danışardılar. Onu tanıyanların indi çoxusu dünyasını dəyişib. Mən onların yaratdığı ədəbiyyatı söz sənətimizin qızıl dövrü adlandırıram. Ədəbiyyat müəllifin yaşadığı dövrün sifarişiylə yaranır. Məgər bizim klassiklərin, Nizaminin, Füzulinin əsərlərində dövrün sifarişi yoxdur? Var. Əli Vəliyevin əsərlərindəki ideoloji görüşlərə gəldikdə isə, vaxt olacaq, Sovet dövrü yenidən öyrəniləcək, sadə adamların, kəndli, kasıb, muzdurların, ziyalı, varlı və başqa-başqa təbəqələrin bu dövrdə nə qazandığı, nə itirdiyi barədə hələ çox araşdırmalar aparılacaq. Bax, bu araşdırmalar üçün mənim atamın əsərləri dövrün əsl sənədi kimi çıxış edə bilər.

Atam 83-cü ildə, elə 83 yaşında vəfat eləyəndə ağzında bütün dişləri yerindəydi. Deyirlər, Əli müəllimin belini Qumru xanımın, bir də Məsudun vaxtsız ölümü qırdı. Anam onun birinci və ən əsas redaktoru olardı. Nə yazardı, birinci anama oxuyardı. Baxmayaraq ki bu qadının orta məktəbdən savayı təhsili yoxuydu, atamın fikrincə, ədəbiyyatı ondan yaxşı duyan olmazdı. Onunla həmişə məsləhətləşərdi. Kənardan da onların dostluğuna, sədaqətinə, az qala, qibtəylə baxardılar. Anam dünyasını tez dəyişdi. Əli müəllimə məsləhət görərdilər ki, hələ cavansan, bəlkə özünə bab bir qadınla evlənəsən? "İki göz iki gözə baxmalıdır". Atamın sözləriydi. “Mənim gözlərim hələ də Qumru xanımın gözlərinə baxır. Ölənəyən də başqa gözlərə tərəf dönməyəcək”. Atam həyat yoldaşını, anamı itirməməkdən ötrü əlindən gələni etdi. Daha haralara aparmadı onu? Hər yerdə həkimlərin cavabı bu oldu ki, onun ürəyinin yalnız bir klapanı işləyir, ehtiyatlı olmaqdan başqa müaliyə yolu yoxdur.

Ailəyanlı kişiydi. Onun doqquz övladı olub. Dördü uşaqkən hansı xəstəliklərdənsə qırılıb. Qalmışıq beş uşaq. Deyirdi, əvvəl adamın həyat yoldaşıdır, sonra uşaqlarıdır, sonra evin-ocağın istisi-tüstüsü. Atam sevərdi evdə uşaq səs-küyü olsun. Hərdən ondan soruşardılar ki, bu səs-küydə necə yazırsan? Deyərdi, əksinə, bu səs-küy olmasa, yaza bilmərəm, onlar mənim ilham quşumdur. Uşaqların oynamasına, hay-küyünə bircə dəfə də olsun, etirazla səsini qaldırmazdı. Bununla belə, tərbiyədə həddən artıq ciddi, dedikcə zəhmliydi.

"Əliniz, diliniz, üzünüz düz olsun. Onda xeyir çörəyi yeyərsiniz. Lap bıçağı boğazınıza dirəsələr belə, yenə haqq sözü qoyub, yalan danışmayın". Bu, atamın sözləridir, indi də qulaqlarımda səslənir. Elə onun tərbiyəsidir ki, övladlarının, nəvələrinin hamısı alim, müəllim, yazıçı, rejissor olub. Bu ocaqda təhsilə, oxumağa həmişə maraq olub. Elə indinin özündə də nəvələrimə baxıram, görürəm, yenə o yolu davam edirlər. O yol atamın danışdığı mülkədar evinin zorla məktəbə verilməsindən başlayır. Bu hadisədə böyük hikmət var. Bu gün əksinə baş verir. Mülklər düzü-dünyanı tutmaqdadı. Məktəblər, müəllimlər isə əksinə, öz əvvəlki nüfuzunu itirməkdə. Bunun qarşısı alınmasa, millət üçün fəlakət olayaq. İndi yalnız tənqidlə yada saldığımız Şura hökumətinin kənddə yarandığı həmin o illərdə oxumağın nə qədər böyük nemət olduğunu camaat anlayırdı. Bu gün belə güman oluna bilər ki, bunun əvvəlkitək əhəmiyyəti yoxdur. İnformasiya bol, televiziya, İnternet. Oxumaqdan daha çox başqa keyfiyyyətlər uşağa xeyir gətirə bilər. Əsla belə deyil. Mən sevinirəm ki, azərbaycanlı ailələrinin əksəriyyəti gizli şəkildə yoluxub-gəzməkdə olan bu fikri evlərinə buraxmır. Övladlarının təhsilini, fərdi qaydada olsa da, hər şeydən üstün tutur. Amma bunun da həddi var. Kömək olmasa, ziyanlı ovqat aradan götürülməsə, bunlar atamgilin kəndini bürüyən yatalaq kimi yoluxub, bütün milləti fəlakətə sürükləyəcək.

Atamın aid olduğu nəslin ən böyük, danılmaz üstünlüyü də onların elmin, maarifin təbliğində cəfakeşliyi idi. Onlar bu gün danışdığımız Azərbaycan dilinin yaradıcılarıdır. Bunu bilmək çətin deyil. Sadəcə, 30-40-yı illərə qədərki klassik əsərlərimizin diliylə ondan sonra yazılan ədəbi-bədii əsərlərin dilini müqayisə edək. Bu bizə bu gün asan görünə bilər. Amma dilimizin kənardangəlmə sözlərdən təmizlənməsi, durulub-sadələşməsi, doğmalaşmasının böyük, fədakar zəhmətin nəticəsi olduğunu bilməliyik. 2001-ci ildə bu fədakar nəslin ən qabaqda gedən üzvlərindən birinin, ədəbi irsimizin ön sırasında imzası olan Əli Vəliyevin 100 illik yubileyi oldu. Olmasaydı, bundan yaxşıydı. Yazıçılar İttifaqının Natavan klubunda 60 yerlik zal yarıyacan doluydu. Boş yerlər adamın ürəyini ağrıdırdı. Təşkil olunmamışdı. Heç kim onun qayğısında deyildi.

"Mehdi Hüseyn küçəsi - 1" ünvanını bildirən ifadə Azərbaycanda yaşayan hər adama yaxşı tanışdır. O ifadənin müəllifi mənim atamdır. 1965-ci ildə Mehdi Hüseyn vəfat eləyəndə, onun adını atamın təklifiylə telestudiya (o zaman yeganə televiziya) yerləşən küçəyə verdilər. "Qoy, ədəbiyyatımızın fədaisinin adı hər gün dəfələrlə efirdə səslənsin". Bu da atamın sözləridir. Amma öləndən sonra bir kimsə onun qayğısında olmadı. İndi ədəbiyyat nümunələrimiz latın əlifbasına çevrilir. Hər cəhətdən, həm ədəbiyyata gəlmə tarixi, həm yaşı, həm səviyyəsi, həm də ən əsası, söz sənətimizdə tutduğu yerə görə Əli Vəliyevdən çox-çox sonra gələn yazıçıların cild-cild kitabları çıxıb, rəflərə düzülüb. Mən güc-bəlayla onun bircə hekayələr kitabının latın əlifbasıyla çıxmasına nail ola bildim. Daha çox narahat eləyən ədəbiyyatımıza, mədəni irsimizə unutqanlıq yox ("unutqan" sözüylə razı deyiləm, çünki heç nə unudulmur), soyuq və biganə münasibətdir. Ədəbiyyat get-gedə ailə biznesinə çevrilir. Belə çıxır, yazıçının, şairin səviyyəsi və ədəbiyyat tarixində yeri bu gün onun övladlarının hansı vəzifə tutmasıyla ölçülməlidir. İnanmıram, bu ölçülmələr, bu yanaşma bizi yaxşılığa apara bilər. Bu gün qardaşım Məsud sağ olsaydı, yenə əsas qayğısı Hüseyn Cavidlə bağlı olardı. Əli Vəliyevlə yox. Ailədə bir-birimizi yanımızdan artıq istəmişik. Ədəbiyyat isə tamam başqa şeydir.

Bəli, Əli Vəliyevin ömür kitabının ən böyük, ən faciəli fəslinin adı "Məsud" idi. Məsud Əlioğlunun yaradıcılığı 60-70-ci illərdə Azərbaycan ədəbiyyatşünaslığında yeni söz, yeni fikir oldu. Atam öz oğlu ilə fəxr eləyirdi. Evdə isə sözləri düz gəlməzdi. Bir-birlərinə tamam zidd dünyagörüşlü adamlar idilər. Əli müəllim ölənə kimi bir fikrin sahibi olaraq qaldı. Onun fikrincə, bizi ağ günə çıxaran Sovet hökuməti olmuşdu. Stalin öləndə bir neçə gün bir adamın üzündə, istər böyük olsun, istər uşaq, gülüş nədi, yüngül təbəssüm görsəydi, cəzalandırardı. Onun xasiyyətini bildiyimizdən, o günlər qaş-qabaqlı oturmuşduq. Böyük inamı vardı o hökumətə. Bu onun nəinki əqidəsi, nəinki məsləkiydi, bu həm də onun həyatı, tərcümeyi-halıydı. Məsud isə əksinə, azadfikirli bir insandı və daxildən o quruluşa nifrət edirdi. Onun ədəbi idealı 37-ci ildə repressiya olunan Hüseyn Cavid idi. O, düşündüklərinin çoxunu deyə bilmirdi. Yazmaqdan söhbət belə gedə bilməzdi. Bəlkə elə buna görə də içkiyə qurşanırdı. Bəzən içkili olanda, ayıq vaxtı demədiklərini dilinə gətirərdi. Bununla da atamın böyük narazılığına səbəb olardı. Ayıqlanardı, inciyərdi ondan. Deyirdi, içirsən-iç, bu öz işindi, amma dilini farağat qoy. Bir gün dilinin güdazına gedərsən. Ehtiyatlı ol. Belə böyük istedad sahibisən, canımsan-ciyərimsən, bir iş açarsan başına, mənim könlümü sındırarsan.

Elə də oldu. Sındırdı Məsud atamın könlünü. Onun belini qırdı. Amma dilinin, azad, sərbəst fikirlərinin ucbatından olmadı bu hadisəg. Bəlkə də dərindən düşünsən, elə o səbəbdən oldu. Nə bilim?! Heç bacım Gültəkinin qəfil ölümü ona belə təsir etməmişdi.

O günü heç vaxt unutmayacağam. Atamın ən çox sevdiyi istirahət yeri Kəlbəcərin İstisu sanatoriyasıydı. Əli müəllim bizim hamımızla - mən, uşaqlar və yoldaşımla birgə maşına mindi, yollandıq Kəlbəcərə. Elə ora təzəcə çatmışdıq ki, gördük, atamın dostu, folklorşünas, Kəlbəcər muzeyinin yaradıcısı və direktoru Şamil Əsgərov qaça-qaça gəlir atama sarı. Çatan kimi nə dedisə, atam dəyişdi. Bizə tərəf dönüb dedi ki, minin maşına, şəhərə qayıdırıq. Maşında gördük, kişi heç özündə deyil, gözləri dolub, söz desən, ağlayacaq. Səbir elədim, içimi də nigaranlıq elə götürüb ki, heç deyiləsi deyil. Axırı, yavaşya soruşdum: "Nə olub, ay dədə, niyə qayıdırıq?". Sən demə, Əli müəllim davam gətirməz deyə, Məsudun ölümünü ona gəlinimiz Rənanın ölümü kimi çatdırıblar. Gəldik Məsudun Hüsü Hacıyevdəki evinə. Həyət doluydu adamla. Heç kim də Əli müəllimə yaxınlaşmağa cürət eləmədi. O yaşda, o uca boyda adam necə beşinci mərtəbəyə qalxırdı, görmək lazımıydı, ayrı vaxt heç bunu ağla gətirməzdik. Azca aralı qapıya çatanda, gördü, Rəna dayanıb. Heç unutmaram, kişi "boyy" deyib yerində dondu. Biranlığa. Elə bil, o an hər şey ona məlum oldu. Bəlkə də artıq maşında bundan duyuq düşmüşdü. Amma o an aydın şəkildə anladı ki, nə baş verib. Əliylə Rənanı yolundan kənar eləyib içəri girdi. Məsudun qara asılmış şəklini görüb sakitcə, təmkinlə getdi cənazə qoyulan otağa. Hamıya - mollaya da dedi, otağı tərk edin. Oğlunun cənazəsiylə tək qalmalıydı. Otağın qapısını bağladı. Birdən içəridən dədəmin bir ağısı qalxdı, səsindən bütün aləm ölü sükuta tutuldu, hamı bu tükürpədiyi möcüzəyə qulaq kəsildi. Biz kəndə tez-tez gedib-gələn adamlar olmuşuq. Uşaqlıqdan orda çox hadisələr görmüşəm, yaşlı arvadların ağısını, ağlayıb-oxşadığını çox eşitmişəm. Amma o günü dədəmin dediyi ağını birinci və axırıncı dəfəydi eşidirdim. Bir saat o, oğlunu necə oxşadı, İlahi! Beynimdə dönə-dönə bir fikir hərlənirdi ki, nə yaxşı anam sağ deyil. O buna dözməzdi. Bir saatdan sonra atam otaq dan çıxdı, əl-üzünü yuyub gəlib oturdu məclisdə. Daha bir dəfə də onu ağlayan görmədim. Amma onu qəbrə aparan Məsudun hadisəsi oldu.

Kim nə deyir-desin, qardaşım Məsud dünyagörüşü, əqli, düzlüyü ilə Əli müəllimin tərbiyəsinin yetirməsiydi. Atam öz bioqrafiyasından imtina edə bilmədi. Onun əqidəsi də o bioqrafiya ilə bağlıydı. Məsud onun davamı idi. Bu tarixdir. Fanatik inamı tənqidi münasibət gec-tez əvəz eləməliydi. Əgər atamın o quruluşa rəğbəti, bağlılığı və sədaqəti vardısa, bu onun ürəyinin düzlüyündən irəli gəlirdi. Əgər Məsud Əlioğlunun eyni quruluşa tənqidi mövqeyi vardısa, bu da onun ürəyinin düzlüyündən irəli gəlirdi. Hər biri öz mövqeyində haqlı idi.

Əli Vəliyev uzun ömür yaşadı, zəngin ədəbi irs qoydu. Nə qədər Azərbaycan dili var, bu dilə məhəbbət, bağlılıq var, onun əsərləri oxunacaq, onun haqqında xatirələr, maraqlı söhbətlər həmişə yaşayacaq. O, bir insan kimi unikal idi. Təsadüfi deyil ki, ən əsas və ən böyük romanı, demək olar ki, tərcümeyi-hal janrında yazıldı. Bir var, insan dünyaya gəlməzdən əvvəl artıq həyat yolu onun üçün hazır olsun; düşüncələr, dünyagörüşü, əqidə məlum olsun. Bir də var, bunların dəyişməsi, yaranmasıyla sənin həyatın bir-birindən ayrılmaz şəkildə inkişafda olsun. Bütün bunlarla, bu tarixi hadisələrlə sən özünü dünyada müəyyən edib yaşayasan. Belə bütövlük hər adama qismət olmur. Daxilən çox zəngin və dönməz adamlar bu taleyi yaşaya bilərlər.

Sonda sözümü daha bir xatirəylə bitirmək istəyirəm. Atamın 70 illik yubileyi respublikamızda və onlan kənarda keçirilirdi. O, ölkənin ən müxtəlif yerlərində olurdu, oxucularıyla görüşlər keçirirdi. Belə tədbirlərdən biri də onun nə vaxtsa ata-anasını dəfn edib çıxdığı Ağdü kəndində keçirilib. Həmin tədbirdə bir ağsaçlı, nurani qoya qadın çox sözlü-mənalı baxışlarıyla elə hey ona baxırmış. Əli müəllim həssas adam idi. Özünü o yerə qoymasa da, bu qarının niyə ona baxdığını məlum etməliydi. Əlbəttə, tədbirdən sonra.

- Belə, çox tanış gəlir e, üzün mənə. - Atam tədbir dağılışanda qarıya yaxınlaşıb ərklə soruşur.
- Əgər tanımadınsa, Əli müəllim, nə dəxli var ki
- Tanışlıq vermək belə çətindi, - atam təkid edir.
- Doğru deyiblər, ay Əli, dəsmal ayrılıqdır. Dəsmala buladığımız o qan da quruyub-silinib getdi, amma ayrılığa son qoyulmadı.

Yalnız bundan sonra atam bilir ki, qarı kənddən çıxanda ölmüş bildiyi Gülbutadır. Demə, bu qadın ərə getməyib, onun yolunu gözləyib. Neçə onillər. O hadisəni tez-tez xatırlayıb kövrələrdi atam. Deyərdi, orda mənim dünya boyda uşaqlığım, gəncliyim qaldı.

Atamın kitablarından biri belə adlanır: "Qarabağda qalan izlər". Orda bizim hamımızın dünya boyda izlərimiz qalıb. O izlərdən birinin adı da dünya boydadır. O izin adı da var: Əli Vəliyev.


DOSTLARINLA PAYLAŞ:

oyunlar