“Qala” Monreal dünya film festivalında
01 Sentyabr 2009 Çərşənbə Axşamı 16:20
Festivalda ölkəmiz rejissor Şamil Nəcəfzadənin “Qala” filmi ilə təmsil olunacaq
Azərbaycan ilk dəfə olaraq 33-cü Monreal dünya film festivalında iştirak edəcək. Artıq başlayan və sentyabrın 7-dək davam edəcək festivalda ölkəmiz tanınmış rejissor Şamil Nəcəfzadənin “Qala” filmi ilə təmsil olunacaq.
Dünya film festivalı çərçivəsində Azərbaycanla yanaşı dünyanın 30-a yaxın ölkəsinin istehsalı olan filmləri nümayiş olunacaq. Xatırladaq ki, Ş.Nəcəfzadənin bu ekran işi “Oskar” mükafatı uğrunda “Ən yaxşı xarici film” nominasiyasında uğurla mübarizəyə qatılıb.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının “United multimedia projects” şirkəti ilə birgə istehsalı olan “Qala” filmini Şamil Nəcəfzadə özünün və elə xalq yazıçısı Ramiz Rövşənin yazdığı ssenari əsasında lentə alıb. Filmin operatoru Kənan Məmmədovdur. Ssenariyə görə, şəhərdən gələn kino qrupu ucqar sərhəd dağ kəndindəki qədim qalanın qalıqları arasında film çəkir. Bir müddət sonra isə qəflətən müharibə başlayır və keçmişdə olduğu kimi qədim qala yenə müdafiə istehkamına çevrilir.
Filmdə əsas rolları Rasim Balayev, Vidadi Həsənov, Mabud Məhərrəmov, Firəngiz Mütəllimova və başqaları ifa edir.
Bakıda isə film oktyabrın 2-də Heydər Əliyev sarayında nümayiş olunacaq.
DOSTLARINLA PAYLAŞ: