“Oskar” mükafatına namizəd filmlərin siyahısına daxil olan “Qala” filmi oktyabrın 2-də Heydər Əliyev Sarayında nümayiş etdiriləcək.
Dövlət sifarişi ilə çəkilən filmin rejissoru Şamil Nəcəfzadə, ssenari müəllifləri Ş.Nəcəfzadə və Ramiz Rövşən, operatoru Kənan Məmmədov, rəssamları Arif Məhərrəmov və Əziz Məmmədov, bəstəkarı Cahangir Zülfüqarov, prodüseri Arif Səfərovdur.
Yeni ekran əsərində əsas rollara Rasim Balayev, Bidadi Həsənov, Yuliya Perefild, Məbud Məhərrəmov, Yuli Balıyev, Firəngiz Mütəllibova, Sonaxanım Mikayılova, həmçinin 13 yaşlı Məmməd Əlili çəkiliblər.
Xatırladaq ki, bu filmin təqdimatı keçən il Mədəniyyət və Turizm Nazirliyinin, Moskvadan olan prodüsserlər Rauf Atamalıbəyov və Timur Vaynşteynin təşkilatçılığı ilə Azərbaycan kinosu günündə “Azərbaycan” kinoteatrında keçirilib./AzərTAc/