Pekində Nizami Gəncəvinin büstü qoyulacaq
01 Dekabr 2012 Şənbə 17:31
Çinin paytaxtındakı Çaoyan parkında şairin büstünün qoyulması barədə razılıq əldə olunub.
Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərinin ən böyük parklarından biri olan Çaoyan parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstü qoyulacaq.
Azərbaycanın Pekindəki səfirliyinin Şərq poeziyasının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 870 illik yubileyinin Çində də keçirilməsi istiqamətində apardığı işin nəticəsi olaraq paytaxt Pekindəki Çaoyan parkında şairin büstünün qoyulması barədə razılıq əldə olunub. Büstün qoyulması üçün Çaoyan parkının seçilməsi təsadüfü deyil. Çünki parkda müxtəlif xalqların dahi şəxsiyyətlərinin, o cümlədən Fernand Magellanın, Simon Bolivarın, Taras Şevçenkonun, Mahatma Qandinin, Hristo Botevin və başqalarının büstləri var. Sahəsi 288,7 hektar olan və 1984-cü ildə salınmış parkda imperator iqamətgahı da yerləşir.
Çaoyan parkı pekinlilərin, eləcə də turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir. Gün ərzində 10 minlərlə insan bu parka baş çəkir. Dahi Nizami Gəncəvinin büstünün müəllifi Çaoyan parkının nəzdində fəaliyyət göstərən Cintay İncəsənət Mərkəzinin direktoru, professor Yüen Sikundur. Dünya tarixində və mədəniyyətində iz qoymuş şəxsiyyətlərin büstlərini hazırlamaqla tanınan heykəltəraş Y.Sikun Çin Xalq Siyasi Məsləhətləşmələr Şurasının, Çin Mədəniyyət Nazirliyinin İncəsənət Titulları Evaluasiya Komitəsinin üzvüdür.
Yaxın vaxtlarda büstün açılış mərasimi keçiriləcək. Azərbaycanın Çindəki səfirliyi bu istiqamətdə növbəti addım olaraq Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından “Çin gözəli” hissəsinin Çin dilinə tərcümə edilərək nəşrini də planlaşdırır.
Çin tərəfi öz növbəsində Çin xalqının dahi mütəfəkkir-filosofu Konfuçinin abidəsinin Bakıda qoyulması təklifini irəli sürüb.
DOSTLARINLA PAYLAŞ: