Norveç “Avroviziya- 2010”a 24 mln avro xərcləyəcək
25 Sentyabr 2009 Cümə 09:40
Norveç “Avroviziya- 2010”a 24 mln avro xərcləyəcək. Müsabiqənin keçiriləcəyi tarixlər Norveçin dövlət bayramları günlərinə düşür.
Gələn ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Avroviziya- 2010” müsabiqəsinin təşkilinə 24 milyon avro xərclənəcəyi gözlənilir. Müsabiqənin saytına istinadla bildirilir ki, bu rəqəm gələnilki müsabiqəyə ev sahibliyi edəcək Norveçin NRK telekanalı tərəfindən aparılan hesablamalar nəticəsində müəyyənləşdirilib. Telekanalın direktorunun sözlərinə görə, bir müddət əvvəl aparılan ilkin hesablamalarda müsabiqəyə 17 milyon avro (150 milyon kron) sərf olunacağı proqnozlaşdırılsa da, bu rəqəm sonradan xeyli artıb. Müsabiqə ərəfəsində həmin büdcənin artacağı da istisna olunmur.

“Avroviziya” müsabiqəsinin keçiriləcəyi tarixlər Norveçin dövlət bayramları günlərinə düşür. Bu səbəbdən də həmin günlərdə işə çıxanlara əlavə əmək haqqı verilməlidir. Bu isə büdcənin artmasına gətirib çıxaracaq.

Telekanalın hesablamalarına görə, “Avroviziya-2010” müsabiqəsinə ev sahibliyi edəcək Norveç müsabiqədən 75 milyon Norveç kronu (9 milyon avro) gəlir əldə edəcək. Bu gəlir bilet satışı və Avropa Yayım Birliyi tərəfindən Norveçə ayrılacaq 3, 5 milyon avro məbləğində qrant hesabına əldə olunacaq.

Xatırladaq ki, Moskvada keçirilən “Avroviziya-2009” müsabiqəsinə 40 milyon ABŞ dolları (27 milyon avro) pul sərf olunmuşdu.
“Avroviziya -2010” müsabiqəsi gələn ilin mayında Norveçin paytaxtı Osloda yerləşən Telenor Arenada keçiriləcək. Müsabiqənin yarımfinalları 25 və 27 may, final mərhələsi isə mayın 29-da baş tutacaq.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar