Nizami kinoteatrının istifadəyə veriləcəyi tarix açıqlandı
24 Noyabr 2011 Cümə Axşamı 12:21
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri məlumat verib.
"Nizami" kinoteatrı noyabrın 24-də istifadəyə veriləcək. Bu barədə "1news"a Mədəniyyət və Turizm Nazirliyinin investisiya şöbəsinin müdiri Ruslan Abduləlimov bildirib.

Məlum olduğu kimi, "Nizami" kinoteatrı 2008-ci ilin sentyabrından təmirə dayanıb. Bakının mərkəzindəki bu kinoteatrdakı təmir işləri "Azərbaycanda kinonun inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilir.

Kinoteatrın hələ təmirə dayandığı ilk dövrlərdə bildirilirdi ki, ən böyüyü 600 nəfərlik tamaşaçı tutumuna malik kinoteatrda ümumilikdə 5 zal fəaliyyət göstərəcək. Kinoteatrın ən böyük zalında 18 metrlik enində ekran quraşdırılıb. Ölkə kinoteatrlarının heç birində hələlik, ikinci belə ekran yoxdur.

Buradakı ən kiçik kinozal isə 40 nəfərlik tamaşaçı üçün nizamlanır. Kino kompleksində gələcəkdə festivallar və kino həftələrinin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Burada kafe, bar və restoranlar, xırdavat satan dükanlar, uşaqları əyləndirmək üçün xüsusi sahələr də fəaliyyət göstərəcək. Hətta restoranlardan birində filmə baxa-baxa restoran xidmətlərindən də istifadə edilə biləcək. Ümumilikdə, burada ən qabaqcıl Avropa şirkətlərinin istehsalı olan kino, video və səs avadanlıqları quraşdırılacaq. Kinoteatrda həmçinin televiziya verilişlərini birbaşa aparmaq üçün avadanlıqlar da quraşdırılacaq.

Qeyd edək ki, 1940-cı ildə tikilən kinoteatra dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə onun adı verilib. Ümid edirik ki, təmirdən sonra kinoteatr əvvəlki nüfuzunu qaytaracaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar