Niaqarada "Azərbaycan muğamı günü" keçirilib
27 Avqust 2010 Cümə 23:10
Niaqara şəhərində avqustun 26-sı Beynəlxalq Azərbaycan muğamı günü elan olunub.
Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalı rəhbərliyinin qərarı ilə avqustun 26-sı Beynəlxalq Azərbaycan muğamı günü elan olunub. 2006-cı ildən etibarən Kanadanın tanınmış turizm mərkəzlərindən olan bu şəhərdə Azərbaycan xalq və klassik musiqisi konsertləri təşkil edilir.

Azərbaycanın Kanadadakı səfirliyindən verilən məlumata görə, bu ənənənin davamı olaraq avqustun 26-da Kanadanın Niaqara şəhərində Beynəlxalq Azərbaycan muğamı gününə həsr olunmuş Azərbaycan musiqisi axşamı keçirilib.

Tədbirdə Niaqara şəhərinin meri Gary Burroughs açılış nitqi ilə çıxış edib. Daha sonra o, Kanadanın “İpək yolu” kamera orkestrinin bədii rəhbəri, bəstəkar və dirijor İsmayıl Hacıyevə və tədbirdə məşhur heykəltəraş Ömər Eldarova fəxri fərmanlar təqdim edib.

Həmçinin, tədbir zamanı Azərbaycan Respublikasının Kanadadakı səfiri F.Şəfiyev və cari ilin iyununda ölkəmizdə səfərdə olmuş Ontario əyaləti parlamentinin üzvləri M.Kvinter və R.Moridi təbrik nitqləri ilə çıxış ediblər.

Konsertdə Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Həsən Rzayev, Fərhad Bədəlbəylinin əsərləri səsləndirilmiş, muğamlarımızdan parçalar ifa edilib.

Azərbaycan musiqisi axşamında xanəndə Güllü Muradovanı tarda Sahib Paşazadə, kamançada Cefri Verbok müşayiət edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar