Naxçıvanda “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi açılıb
18 Dekabr 2010 Şənbə 03:35
8 ekspozisiya zalından ibarət olan muzeydə 300-dən çox eksponat var
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılmış “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını, ictimaiyyətin nümayəndələrini təbrik edib.

Naxçıvan xanlığının əsası 1747-ci ildə Heydərqulu xan tərəfindən qoyulub, 81 il fəaliyyət göstərib, 1828-ci il fevral ayının 10-da imzalanmış Türkmənçay sülh müqaviləsinə əsasən, fəaliyyəti dayandırılıb. 1828-ci il martın 21-də Naxçıvan və İrəvan xanlıqları rəsmi şəkildə ləğv edilərək Rusiyanın tərkibinə qatılıb. Naxçıvan xanlığının fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur. O dövrdə Naxçıvana rəhbərlik etmiş xanlar içərisində Kalbalı xanın xidmətləri xüsusi qeyd edilməlidir.

Ali Məclisin sədri Xan Sarayını Kalbalı xanın tikdirdiyini, bu tarixi şəxsiyyətin 1787-ci ildən 1820-ci ilədək fasilələrlə Naxçıvan xanlığına rəhbərlik etdiyini bildirib: “1820-ci ildən sonra Kalbalı xanın oğlanları Ehsan xan və İsmayıl xan bu binada Naxçıvan xanlığını idarə ediblər. 9429 kvadratkilometr ərazini əhatə edən Naxçıvan xanlığı özünün dövlətçilik ənənələri, torpaqlarımızın qorunması ilə Azərbaycan dövlətçiliyinə çox böyük töhfələr verib. Naxçıvan ərazisinin qorunub bu günümüzədək gəlib çatmasına görə o dövrdə fəaliyyət göstərən xanlığa, insanlara borcluyuq. Ona görə də bir daha onları yad edərək ruhları şad olsun deyirik”.

Ali Məclisin sədri Vasif Talıbov Naxçıvan ictimaiyyətinə müraciət edərək deyib ki, muzeyin fəaliyyəti, zənginləşdirilməsi hər kəsin vətəndaşlıq borcu olmalıdır. ““Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi bu gündən fəaliyyətə başlayır. Burada müəyyən dərslərin, elmi müzakirələrin, simpoziumların təşkili muzeyin daha da zənginləşdirilməsinə, tanıdılmasına xidmət edəcək. Muzeyin arxiv sənədləri ilə zənginləşdirilməsi sahəsində müxtəlif işlər görülür. Naxçıvan xanlığının o dövrdə əlaqədə olduğu dövlətlər, o cümlədən Rusiya ilə iş aparılır, onların arxivlərindən əldə edilməsi mümkün olan sənədlər muxtar respublikaya gətirilərək muzeydə yerləşdirilir. Belə tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Muzeyin daha da zənginləşdirilməsi işinin uğurlu olması üçün əlaqədar təşkilatlarımız vəzifələrini layiqincə yerinə yetirməlidir”.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra muzeyə baxış olub. Məlumat verilib ki, 8 ekspozisiya zalından ibarət olan muzeydə 300-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi də nümayiş etdirilir. Burada nümayiş etdirilən müxtəlif kitablarda Naxçıvan xanlığının tarixi barədə ətraflı məlumat var.

Baxış zamanı Ali Məclisin sədri bildirib ki, Naxçıvan xanlığı ləğv olunduqdan sonra bu sarayda Kəngərli süvarilərinin komandanlığı yerləşdirilib, 1918-20-ci illərdə Naxçıvan Milli Müdafiə Şurasının qərargahı buraya köçürülüb. “Xan Sarayı” müxtəlif dövrlərdə baxımsız vəziyyətə düşsə də, qorunub saxlanılıb. Muzey o dövrün tarixini özündə əks etdirməli, Naxçıvan xanlığının fəaliyyəti dövrünü gələcək nəsillərə daşıyan bir mənbə olmalıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar