Musiqiçilərimiz İsrafil Rəsulov və Nicat Məmmədov Moskvadan təklif alıb
08 Oktyabr 2010 Cümə 18:30
İsrafil Rəsulov və Nicat Məmmədov Moskva Dövlət Konservatoriyasında təhsillərini davam etdirmək şansı qazanıb.
Prezident təqaüdçüləri, Bakı şəhər L.və M.Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi İsrafil Rəsulov (truba) və məktəbin məzunu, hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının I kursunda təhsil alan Nicat Məmmədov (fleyta) 2010-cu il 22-29 sentyabr tarixlərində Moskva şəhərində dünya şöhrətli, mərhum sənətkar Mstislav Rostropoviç adına Fondun keçirdiyi “Slava Maestro” ustad siniflərin İkinci Beynəlxalq Festivalında iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ustad sinifləri Qalina Vişnevskayanın Opera Mərkəzinin konsert zalında keçirilirdi. Həmyerlilərimiz festivalın açılışında və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında çox böyük uğurla çıxış edib. Burada onlar həm görkəmli Azərbaycan, həm də dünya şöhrətli bəstəkarların əsərlərini ifa edib. Bunun nəticəsi olaraq hər iki gənc musiqiçi Moskva Dövlət Konservatoriyasında təhsillərini davam etdirmək təklifi alıb.
Mstislav Rostropoviç Mədəniyyət və Humanitar Proqramlar Fondu rəhbərliyinin qərarına əsasən İsrafil Rəsulov D.D.Şostakoviç, Nicat Məmmədov S.S.Prokofyev adına təqaüdə layiq görülüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: