Muğam müsabiqəsinin seçim turu
10 Mart 2009 Çərşənbə Axşamı 20:05
Bakıda keçiriləcək Beynəlxalq Muğam Festivalında Azərbaycanı təmsil edəcək ifaçılar artıq məlum olub

 

Martın 17-dən 25-dək Bakıda keçiriləcək Beynəlxalq Muğam Festivalında Azərbaycanı təmsil edəcək ifaçıların adları bəlli olub. Bunu müəyyən etmək üçün keçirilən müsabiqədə 1-ci yeri Təyyar Bayramov, 2-ci yeri Vəfa Orucova, 3-cu yeri isə Babək Niftəliyev tutub. Qaliblər Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Siyavuş Kərimi, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Zöhrabov və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun nümayəndəsi İbrahim Quliyevin təmsil olunduğu münsiflər heyəti tərəfindən seçiliblər. Qaliblərə tutdüğü yerlərə müvafiq olaraq 5000, 4000 və 3000 manat məbləğində pul mükafatı verilib.

Hər üç ifaçı Azərbaycanı festivalda layiqincə təmsil etmək üçün əllərindən gələni əsirgəməyəcəklərini deyiblər. Xatırladaq ki, martın 17-də start götürəcək I Beynəlxalq Muğam Festivalına martın 25-də yekun vurulacaqdır. Heydər Əliyev Sarayında keçiriləcək Qala konsertdə festivalın qalibləri ilə yanaşı, Özbəkistan, Tacikistan, Suriya, ABŞ, İran və digər ölkələrdən Beynəlxalq muğam müsabiqəsi laureatları da çıxış edəcəklər. /ANS PRESS/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar