Muğam müsabiqəsinin püşkatma mərasimi keçirilib
17 Mart 2011 Cümə Axşamı 19:19
II Beynəlxalq Muğam müsabiqəsində ilk çıxış Özbəkistan musiqiçilərinə nəsib olub.
II Beynəlxalq muğam müsabiqəsinin püşkatma mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, püşkatma mərasimi bu gün Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında baş tutub. Püşkatmanın nəticəsinə görə, muğam müsabiqəsində ilk çıxış Özbəkistan musiqiçilərinə nəsib olub.
“Muğam aləmi” II Beynəlxalq muğam festivalı çərçivəsində keçirilən bu müsabiqədə Azərbaycan, Türkiyə Özbəkistan, Çin, Hindistan, İordaniya, İran, Küveyt və Mərakeş musiqiçiləri iştirak edir.
II beynəlxalq Muğam müsabiqəsinin münsiflər heyətinə Azərbaycanın xalq artistləri Siyavuş Kərimi, Ramiz Zöhrabov, Arif Babayevlə yanaşı, YUNESKO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq, türkiyəli musiqişünas, bəstəkar Ozan Yarman, amerikalı alim Uilyam Samts və iranlı bəstəkar, musiqişünas Shsan Xezrlou daxildir. Azərbaycanı festivalda 5 ifaçı - Fərqanə Qasımova, Babək Niftəliyev, Aytən Məhərrəmova, Ehtiram Hüseynov və Nişanə Baxışova təmsil edir. Müsabiqənin birinci günündə ölkəmizi iki ifaçı təmsil edəcək, ümumilikdə isə 6 musiqiçi dinləniləcək.
Qeyd edək ki, Muğam ifaçılarının beynəlxalq müsabiqəsi martın 20-dək davam edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: