Bu gün Azərbaycan Tarix Muzeyində “Muğam aləmi” beynəlxalq elmi simpoziumunun açılış mərasimi keçirilib
Bu gün Azərbaycan Tarix Muzeyində “Muğam aləmi” beynəlxalq elmi simpoziumunun açılış mərasimi keçirilib. Mərasim YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın açılış nitqi ilə başlayıb. M. Əliyeva muğamın hər bir insanın qəlbində xüsusi yer tutduğunu qeyd edib: “Biz hamımız haqlı olaraq doğma Azərbaycan muğamımızla fəxr edirik. O bizim üçün müqəddəs olan hər şeyin başlanğıcı, əzəli olmuş və olacaq. O bizim həyatımızın son dərəcə unikal bir məqamıdır, o bizim həyatımızda həmişəlikdir. Muğam bizim qəlbimizin xüsusi məqamıdır. Bu xüsusi məqam rasionallıqla irrasionallığın, mümkün olanla mümkünsüzlüyün, arzu edilənlə əlçatmazın sərhədində səltənət qurur. Günümüz bizdən tələb edir ki, böyüməkdə olan nəsli muğam mədəniyyətinə alışdırmaqdan tutmuş, klassik muğam xəzinəmizi müasir dünyamıza uyğun texnoloji müstəviyə keçirməyə qədər geniş tədbirlər kompleksi nəzərdə tutub həyata keçirək. Elə birlikdə keçirdiyimiz bu beynəlxalq festivalı və onun çərçivəsində işləyən elmi simpozium da məhz indicə dediyim məqsədlərin həyata keçməsi üçündür”. Simpoziumun açılışında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov tədbir iştirakçılarına muğamla bağlı geniş məlumat verib. Simpoziumun ilk günündə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, xalq artisti Ramiz Zöhrabov “Azərbaycan muğam dəstgahlarının kompozisiya-quruluş xüsusiyyətlərinə dair” məruzə ilə çıxış edib. Muğamın Azərbaycan musiqi incəsənətində qədim zamanlardan professionallıq təşəkkülünü tapdığını, sonrakı əsrlərdə inkişaf etdiyini və kamilləşdiyini qeyd edib.
Qeyd edək ki, “Muğam aləmi” I beynəlxalq muğam festivalı çərçivəsində start götürən simpozium Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə keçirilir. Üç gün davam edəcək simpoziumda 17 ölkədən 80 məruzə dinləniləcək. Simpoziumda ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Türkiyə, Macarıstan, Çin, Tunis, Rusiya, Özbəkistan, Tacikistan alimləri və musiqi xadimləri iştirak edirlər. Simpoziumda etnomusiqişünaslıq elminin məşhur simalarından Nyu-York şəhər Universitetinin professoru, YUNESKO-nun eksperti Stiven Blam, Nuy-Yorkun Kolumbiya Universitetinin fəxri professoru Diter Kristensen, Niderlanddan YUNESKO yanında ənənəvi musiqi sahəsi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti Uim van Zanten, Fransadan professor Jan Dyurinq, Berlindən Humbolt Universitetinin professoru Yurqen Elsner, Kaliforniya Universitetinin fəxri professoru Hiromi Lüter Sakata, eləcə də MDB ölkələrindən Özbəkistandan Rövşən Yunusov, Moskva Konservatoriyasının professoru Violetta Yunusova, Düşənbədən “Akademiya makoman”-nın direktoru Abduvali Abduraşitov iştirak edirlər.