Muğam aləmi II Beynəlxalq muğam festivalı
09 Mart 2011 Çərşənbə 15:06
Paytaxtda “Muğam aləmi” II Beynəlxalq muğam festivalı keçiriləcək.
Dünyanın muğam biliciləri yenidən Bakıya toplaşacaqlar. Bəstəkarlar İttifaqının katibi Firəngiz Əlizadənin ANS PRESS-ə verdiyi məlumata görə, martın 14-dən 21-dək Bakıda “Muğam aləmi” II Beynəlxalq muğam festivalı keçiriləcək.
Festival Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə baş tutacaq. Tədbir çərçivəsində muğama həsr olunan müzakirələr keçiriləcək, klassik və simfonik muğamlar səsləndiriləcək.
Martın 14-də Beynəlxalq Muğam Mərkəzində festivalın təntənəli açılışı olacaq, martın 15-də isə Azərbaycan Tarix Muzeyində “Azərbaycan muğamı və Orta Şərq musiqisi” elmi simpoziumu öz işinə başlayacaq. Simpozium martın 17-dək Azərbaycan Bəstəkarlar İttifaqında davam edəcək. Burada tanınmış muğam biliciləri ustad dərsləri də keçəcəklər.
“Muğam aləmi” II Beynəlxalq muğam festivalı çərçivəsində festival iştirakçıları və qonaqlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, Fikrət Əmirovun “Sevil”, Müslüm Maqomayevin “Şah İsmayıl” operalarına və “Arşın mal alan” operettasına tamaşa edəcəklər.
Beynəlxalq Muğam Mərkəzində muğamsevərlər Zabit Nəbizadə, Təyyar Bayramov, Cabir Abdullayev, Nəzakət Teymurova, Aygün Bayramova və Simarə İmanovanın ifasında “Rast”, “Segah”, “Cahargah”, “Bayatı-şiraz”, “Şüştər” muğamlarını dinləyəcəklər. Musiqisevərlərə eyni zamanda iraqlı Hüseyn Əladhaminin ifasında “İraqi məqam”, özbəkistanlı Yıldız Turdıyevin ifasında “Şaşmakom”, türkiyəli Salih Turhanımın ifasında “Uzun hava”, hindistanlı İndrani Mukherjeenin ifasında “Raqa”, misirli Aicha Reduanenin ifasında “Nahda” və iranlı Salar Aghılının ifasında “Makam” təqdim olunacaq. Festival çərçivəsində xalq artisti Alim Qasımov ustad dərsləri keçəcək.
Festivalın proqramına Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Tar, kamança və kamanlar”, “Zərbi muğamlardan mahnılara”, “Sarı gəlin” konsert proqramları, Bakı Caz Mərkəzində caz musiqisi axşamları, Azərbaycan Dövlət Muğam Teatrında “Azərbaycan muğamının dostları” adlı görüş-konsert və “Əsli və Kərəm” operasının nümayişi daxildir.
II Beynəlxalq muğam festivalının iştirakçılarının Dənizkənarı Milli Parkda Novruz bayramı şənliklərinə qatılması da nəzərdə tutulub.
“Muğam aləmi” II Beynəlxalq muğam festivalına martın 21-də Heydər Əliyev Sarayında qala-konsert proqramı ilə yekun vurulacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: