Mübariz Tağıyev gözlərində cərrahiyyə əməliyyatı aparılıb
24 İyun 2011 Cümə 13:06
Azərbaycanın xalq artisti Mübariz Tağıyev hər iki gözündən cərrahiyyə əməliyyatı keçirib.
Azərbaycanın xalq artisti Mübariz Tağıyev hər iki gözündən cərrahiyyə əməliyyatı keçirib. Bununla bağlı APA-ya açıqlama verən xalq artisti bildirib ki, gözünün birində katarakta, digərində isə qlakoma xəstəliyi aşkarlanıb və cərrahiyyə əməliyyat olunması vacib bilinib. Sənətçinin gözlərində cərrahiyyə əməliyyatı akademik Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunda həyata keçirilib: “Hazırda özümü yaxşı hiss edirəm. Görməmdə bir balaca problem olsa da, öhdəsindən gəlirəm. Bir gözümdə 100 faiz görmə var, digər gözümdə isə bir balaca torluluq var. Əməliyyatdan sonra hələ də müalicə davam edir. Günəş şüası, güclü işıq gözümə çox ziyandır. O səbəbdən də çəkilişlərə getmək bir balaca problemə səbəb olur. Ancaq çəkilişlərdə mənə görə işıqların səviyyəsi azaldılır”.
M. Tağıyev gözlərindəki problemin aradan qaldırılmasında böyük yardımları olan Göz Xəstəlikləri İnstitutunun baş direktoru Elmar Qasımova və oftalmoloq-cərrah Cəmil bəyə minnətdarlığını bildirib. Sənətçi gözlərindən əziyyət çəkən insanlara Allahdan şəfa diləyib və bunun çox çətin problem olduğunu diqqətə çatdırıb: “Görmə qabiliyyətini itirmək faciəli bir şeydir. Göz insan orqanizmində ən incə və həssas yerdir. Şükür Allaha ki, artıq hər şey yaxşıdır və nəticə müsbət oldu”. APA
DOSTLARINLA PAYLAŞ: