Moskvada Rəsulzadənin məqalələr toplusu dərc edilib
15 Yanvar 2010 Cümə 12:15
Kitabda M. Ə. Rəsulzadənin məktubları da yer alıb
Moskvanın “Flinta” nəşriyyatında Azərbaycan dövlətinin banisi Məhəmməd Əmin Rəsulzadənin ölümünün 55-ci ildönümünə həsr edilmiş “M.Ə.Rəsulzadənin əsərləri və məktubları toplusu” dərc edilib.

Kitabda Rəsulzadənin 1923-cü ildə Türkiyədə işıq üzü görmüş məşhur “Azərbaycan Respublikası” əsəri ilk dəfə olaraq rus dilində dərc edilib. Topluya həmçinin M.Ə.Rəsulzadənin rus dilində yazdığı “Azərbaycanın beynəlxalq aləmdə nailiyyətləri” (1934), “Azərbaycanda sosial təmayül haqqında” (1934) məqalələri, 1936-cı il yanvarın 17-də Parisdə oxuduğu “Müasir Azərbaycan ədəbiyyatı” məruzəsi, habelə C.Hacıbəyliyə, İ.Bensinqə və M.Çokayevə məktubları daxil edilib.

Topluda ilk dəfə M. Ə. Rəsulzadənin 1926-1939-cu illərdə Parisdə “Promethee” jurnalında fransız dilində dərc edilmiş məqalələri, habelə Varşavanın “Wschod” jurnalından (ingilis və polyak dillərində) məqalələri təkrarən çap edilib.

Toplunu tərtib edən tarix elmləri doktoru, REA Rusiya Tarixi İnstitutunun professoru Salavat İsxakovdur. Bu nəşr S. İsxakovun M.Ə.Rəsulzadə yaradıcı irsinə ilk müraciəti deyil. 2002-ci ildə onun rəhbərliyi altında M.Ə.Rəsulzadənin “Azərbaycanda milli hərəkat” əsəri hazırlanaraq, Rusiyanın nüfuzlu elmi jurnallarından birində dərc edilmişdi.

S.İsxakov həm də “Xarici ictimai fikir” ensiklopediyasında (M., 2009) M.Ə.Rəsulzadə haqqında məqalənin müəllifidir. Maraqlıdır ki, M.Ə.Rəsulzadə bu ensiklopediyada barəsində ayrıca məqalə dərc edilmiş yeganə azərbaycanlıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar