Milanda türkdilli dövlətlərin gənc rəssamların bədii sərgisinin açılışı keçirilib
20 İyun 2011 Bazar Ertəsi 10:24
TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının təşəbbüsü və İtaliyanın Milan şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti Assosiasiyasının dəstəyi ilə Milanda türkdilli dövlətlərin gənc rəssamlarının bədii sərgisinin açılışı keçirilib.
Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, sərgidə 30 rəssamın 40 əsəri nümayiş etdirilir. Bu sərgidə Azərbaycanı üç gənc rəssam - Rəşad Mehdiyev, Məmmədhüseyn Hüseynov və Murad Allahverdiyev təmsil edirlər.
Tədbirin açılışında çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatın tarixi və fəaliyyəti, sərgidə nümayiş etdirilən əsərlər və onların müəllifləri barədə danışıb. Rəsmi açılışdan sonra Milandakı Azərbaycan Mədəniyyəti Assosiasiyasının rəqs qrupunun italiyalı gənc üzvləri bütün türk xalqlarının rəqslərini nümayiş etdiriblər.
Tədbirə İtaliyanın mədəniyyət, incəsənət və elm xadimləri, yerli hakimiyyət orqanlarının nümayəndələri, İtaliyada fəaliyyət göstərən türkdilli dövlətlərin diplomatları, Milan şəhərində yaşayan azərbaycanlılar qatılıblar.
Sərgi iyul ayının üçünə qədər Milanda, daha sonra Florensiya və Venesiya şəhərlərində davam edəcək. APA
DOSTLARINLA PAYLAŞ: