Mərhum Oqtay Kazıminin ailəsi hökumətdən narazı deyil
11 Avqust 2010 Çərşənbə 13:00
Aybəniz Haşımova: "Bəstəkarın ailəsi dəfn mərasimi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməyib".
"Avqustun 9-da rəhmətə gedən və dünən dəfn olunan xalq artisti, görkəmli bəstəkar Oqtay Kazımiyə dövlət tərəfindən biganəlik olmayıb, həmçinin bəstəkarın ailə üzvləri ölkənin Mədəniyyət və Turizm Nazirliyindən narazı qalmayıblar". Bu sözləri ANS PRESS-ə açıqlamasında əməkdar artist, özünü görkəmli bəstəkarın mənəvi qızı hesab edən Aybəniz Haşımova bildirib.
Müğənni bildirib ki, bəstəkarın ailəsi dəfn mərasimi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməyib.
"Oqtay Kazıminin iki oğlu və mənim kimi mənəvi qızı var. Biz Mədəniyyət və Turizm Nazirliyinə dəfn mərasimi ilə bağlı müraciət etməyi lazım bilmədik. Çünki mərhumun oğlanları atalarının dəfn və yas mərasiminin bütün xərclərini, zəhmətini çəkməyi özlərinə bir övladlıq borcu bilirlər. O ki qaldı Oqtay Kazıminin Fəxri Xiyabanda dəfn edilməməsinə, rəhmətlik Xırdalan qəbiristanlığında, öz əzizlərinin yanında torpağa tapşırılmasını vəsiyyət edib", - deyə Aybəniz Haşımova qeyd edib.
Qeyd edək ki, mətbuatda bəstəkarın dəfn mərasimində ailə üzvlərinin Mədəniyyət və Turizm Nazirliyinin ona qarşı biganəliyindən şikayətləndiyi barədə xəbərlər yayılıb.
Aybəniz Haşımovanın sözlərinə görə, Oqtay Kazıminin ailə üzvlərindən heç kim hər hansı bir mətbu nəşrinə müsahibə verməyib: " Yəqin dəfndə iştirak edənlər belə düşünüblər. Məsələdən hali olmadığından belə nəticəyə gəliblər. Yenə də təkrar edirəm, Oqtay Kazıminin ailəsi axırıncı dəfə əzizlərinin əziyyətini özləri çəkmək istədiklərindən heç kimə müraciət etməyib".
Xatırladaq ki, xalq artisti, görkəmli bəstəkar Oqtay Kazımi 78 yaşında avqustun 9-da axşam saat 21:00 radələrində öz evində dünyasını dəyişib. Ömrünün 50 ilini Azərbaycan müsiqisinin inkişafina həsr etmiş bəstəkar Xırdalan qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin! ANSPRESS
DOSTLARINLA PAYLAŞ: