Mən evə qayıdıram filminin çəkilişləri başa çatıb
17 İyun 2011 Cümə 14:10
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında istehsal olunan “Mən evə qayıdıram” filminin çəkilişləri başa çatıb.
Müdafiə Nazirliyinin yardımları ilə ərsəyə gələn film hərbi vətənpərvərlik mövzusundadır.
Filmin quruluşçu rejissoru Samir Kərimoğlunun APA-ya verdiyi məlumata görə, ekran əsəri Azərbaycanın ən çətin illərində rus ordusunda xidmət edən Tərlan Seyidzadənin qəhrəmanlıq hekayəsindən bəhs edir: “Bu film Tərlanın simasında Azərbaycanın şəhid olmuş bütün igidlərinin şərəfinədir”.
“Mən evə qayıdıram” filmində canlı səsyazma sistemindən istifadə olunub. Rejissor deyib ki, dünyanın qabaqcıl kino ölkələrində istifadə olunan bu sistem indiyədək Azərbaycanda çox az tətbiq edilib: “Çəkiliş zamanı canlı səs yazmaq həm çətin, həm də bahalı işdir. Bu çəkilişin müddətini iki qat uzadır. Filmdə xarici aktyorlar da rol aldığından bu sistemdən istifadə qaçılmaz idi”.
Qeyd edək ki, çəkilişləri Quba, Sitalçay, Kürdəmir, Xızıda aparılan filmdə xalq artistləri Yaşar Nuri (Ağasəlim), Fuad Poladov (müstəntiq Səlimov), Emil Bədəlov (Tərlan Seyidzadə), Murad Abdullayev (leytenant Fərhad Məmmədov), Kamran Ağabalayev (mayor Savalyev), Yaqub Hüseynov, Vladimir Yakovlev, Katerina Fedorova, Anna Kostenka çəkiliblər. “Mən evə qayıdıram” filminin ssenari müəllifi İsmayıl Səfərəliyev, icraçı prodüseri Nazim Hüseynov, direktoru Mahir İbrahimov, quruluşçu operatoru Ayxan Salar (Almaniya), quruluşçu rəssam Əziz Məmmədovdur. APA
DOSTLARINLA PAYLAŞ: