Mehriban Əliyeva: “Eurovision-2012”-nin keçiriləcəyi yerlə bağlı bir neçə təklif var”
05 İyul 2011 Çərşənbə Axşamı 00:13
Prezident İlham Əliyev həmin təklifləri nəzərdən keçirir.
Heydər Əliyev Fondunda gələn ilin mayında Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası olub. AzərTAc-ın məlumatına görə, iclasda Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva qarşıda böyük məqsədin dayandığını diqqətə çatdırıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Eurovision-2012” mahnı müsabiqəsinin ən yüksək səviyyədə təşkil olunmasının vacibliyini vurğulayıb. O, bildirib ki, müsabiqənin paytaxtımızda keçirilməsi ilə bağlı əsas istiqamətlər müəyyən edilməlidir.

Mehriban Əliyeva Təşkilat Komitəsi üzvlərinin diqqətinə çatdırıb ki, mahnı müsabiqəsinin keçiriləcəyi yer ilə bağlı bir neçə təklif var. Heydər Əliyev Fondunun prezidenti hazırda dövlət başçısı İlham Əliyevin həmin təklifləri nəzərdən keçirdiyini söyləyib.

Sonra “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinin üzvləri cari məsələlərlə bağlı müzakirələr aparıblar.

Qeyd edək ki, Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan ən yaxşı mahnı üzrə “Eurovision” mahnı müsabiqəsinin qaydalarına əsasən, qalib ölkə növbəti ildə yarışmanı keçirmək hüququnu qazanır. Prezident İlham Əliyevin mayın 19-da imzaladığı Sərəncama əsasən, gələn il “Eurovision-2012” mahnı müsabiqəsinin Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb. Dövlət başçısının Sərəncamı ilə Təşkilat Komitəsinin sədri “Eurovision”da iştirakımızın təşəbbüskarı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təyin edilmişdir. Komitə “Eurovision-2012” mahnı müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb icra olunmasını təmin etməlidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar