Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilir
29 Dekabr 2009 Çərşənbə Axşamı 12:00
Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin 2009-cu ilin yekunlarına həsr olunan kollegiya iclası keçirilir.
APA-nın məlumatına görə, iclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib. Nazir 2009-cu ildə Bakının – İslam Mədəniyyətinin Paytaxtı elan olunması çərçivəsində Azərbaycanda keçirilən mədəni tədbirlərin əhəmiyyətindən söz açıb və bu tədbirlərin yüksək səviyyədə həyata keçirilməsindən razı qaldığını bildirib: “Bu il Azərbaycan mədəniyyəti üçün çox əlamətdar idi. Azərbaycanın paytaxtı İslam ölkələrinin mədəniyyətini təmsil etməyə qadir olduğunu sübut etdi”.
Nazir bildirib ki, kollegiya iclasında nazirliyin hesabatı qəbul olunacaq: “Eyni zamanda kollegiya iclasında yarım illik iş planı təsdiq etməliyik. Lakin məqsədim odur ki, bu gün bu kollegiya iclasında iştirak edən müəssisə rəhbərlərinin fəaliyyətlərini dəyərləndirək. Biz işimizə tənqidi baxsaq da, özümüzə qarşı tələbkar olsaq da, etiraf etməliyik ki, mədəniyyət ocaqları Bakının “İslam Mədəniyyətinin Paytaxtı” elan olunması çərçivəsində öz funksiyalarını layiqincə yerinə yetiriblər”.
Ə. Qarayev onu da vurğulayıb ki, 2010-cu ildə də Azərbaycanda mədəniyyət sahəsində bir sıra maraqlı yerli və beynəlxalq layihələr həyata keçirmək üçün planlar var.
Kollegiya iclası qapalı davam etdirilir. APA
DOSTLARINLA PAYLAŞ: