Mədəniyyət haqqında qanuna dəyişikliklər ediləcək
16 Fevral 2011 Çərşənbə 13:13
Sənədin üzərində təkmilləşdirmə işlərinin aparılması üçün işçi qrupu yaradılıb
Fevralın 15-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib. AN SPRESS Milli Məclisin rəsmi saytına istinadən xəbər verir ki, komitənin sədri Nizami Cəfərov ilk olaraq 2010-cu ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə məlumat verib.

Qeyd edilib ki, bu dövrdə komitənin 3 iclası keçirilib, bir sıra məsələlər, o cümlədən “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, həmçinin “Təhsil haqqında” qanunlara dəyişiklik və əlavələrin edilməsi barədə və digər sənədlər müzakirə olunaraq Milli Məclisə tövsiyə olunub.

Komitə sədri 2011-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planını təqdim edib. Bildirib ki, sessiya ərzində ölkə Prezidentindən, dövlət qurumları tərəfindən qanunvericilik təşəbbüsü qaydasında daxil olmuş sənədlər, Şəhərsalma Məcəlləsi, bir sıra qanunlara, o cümlədən “Mədəniyyət haqqında” qanuna əlavə də dəyişikliklərin edilməsi barədə məsələlərin müzakirəsi gözlənilir.

Sonra iclasda iştirak edən Mədəniyyət və Turizm nazirliyinin nümayəndəsi Firudin Qurbanov “Mədəniyyət haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı fikirlərini açıqlayıb. Bildirib ki, əsas məqsəd ölkənin milli-mədəni dəyərlərinin qorunub saxlanılması, eyni zamanda bu sahənin müasir tələblər səviyyəsinə yüksəldilməsidir. Qeyd edilib ki, sənədin üzərində təkmilləşdirmə işlərinin aparılması üçün nazirlikdə işçi qrupu yaradılıb. Hazırda mədəniyyət sahəsində baş verən dəyişiklikləri nəzərə alaraq qanuna bir sıra əlavələrin edilməsinə ehtiyac var. Sənədə vahid mədəni məkanın qorunub saxlanılması və inkişafı, mədəniyyət təşkilatlarının səlahiyyətləri, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı şəxslərin hüquq və vəzifələri, beynəlxalq əməkdaşlıq, xaricdə mədəniyyət mərkəzlərinin fəaliyyəti və s. məsələləri əhatə edən yeni maddələrin əlavə olunması təklif olunur.

İclasda çıxış edən komitə üzvləri təklif olunan əlavə və dəyişikliklər barədə, eyni zamanda bu günlərdə efirdə Mədəniyyət kanalının fəaliyyətə başlaması, adlar və soyadlarla bağlı fikirlərini açıqlayıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar