Mahmud və Məryəm ilk dəfə Türkiyədə təqdim olunacaq
09 Mart 2013 Şənbə 11:41
Azərbaycan və Türkiyənin birgə layihəsi olan film 9 Avropa ölkəsində nümayiş ediləcək.
Azərbaycan və Türkiyə kinematoqrafçılarının birgə layihəsi olan “Mahmud və Məryəm” filminin premyerasının tarixi bəlli olub. ANS PRESS-in məlumatına görə, xalq yazıçısı Elçin Əfəndiyevin məşhur “Mahmud və Məryəm” romanı əsasında ekranlaşdırılan eyniadlı filmi martın 22-dən etibarən kinoteatrlarda nümayiş olunacaq. Filmin ilk nümayişi Türkiyədə baş tutacaq. Azərbaycan və Türkiyə ilə yanaşı filmin 9 Avropa ölkəsində təqdimatı keçiriləcək.
Qeyd edək ki, ekran əsəri Azərbaycan və Türkiyə arasında ilk müştərək kino layihəsidir. Türkiyənin “24 Kare” şirkəti tərəfindən ekranlaşdırılan film Mahmudla Məryəmin sevgisindən bəhs edir. Mahmud gəncəli Ziyad xanın oğlu, Məryəm isə keşiş qızıdır. Hadisələrin mərkəzində isə Mahmudla Məryəmin bir-birinə olan məhəbbəti dayanır. İki gəncin sevgisinə mane olan isə mürtəce fikirli Qara Keşişdir.
Nağıl və fantastik elementlərin vəhdət təşkil etdiyi filmdə Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını isə Eva Dedova canlandırıb. Çəkilişlərə Şəki şəhərində start verilən ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və digər tanınmış aktyorlar rol alıb. Mehmet Ada Öztekinin rejissorluğu ilə lentə alınan filmin çəkilişləri ötən il Azərbaycan və Türkiyədə aparılıb.