Mahmud və Məryəm filmində əsas rollara türkiyəli aktyorlar təsdiqlənib
11 Noyabr 2011 Cümə 11:08
Filmdə Fəxrəddin Manafovun Ziyadxan rolunda çıxış edəcəyi gözlənilir.
Azərbaycan və Türkiyənin müştərək istehsalı olacaq, xalq yazıçısı Elçinin məşhur “Mahmud və Məryəm” romanı əsasında çəkilməsi nəzərdə tutulan eyni adlı filmin baş rol ifaçıları təsdiqlənib. Bununla bağlı APA-ya məlumat verən filmin baş məsləhətçisi və Qəmərbanu obrazının ifaçısı Məlahət Abbasova bildirib ki, filmdə hər iki baş rolu Türkiyə təmsilçiləri oynayacaq: “Bu rollar üçün hər iki tərəfin çox tanınmış aktyorlarını təklif etdik. Mahmudun Türkiyədən, Məryəmin isə Azərbaycandan olmasını istədik. Bununla əlaqədar Azərbaycanda çox ciddi kastinqlər oldu. On gün bütün işlərimi yarımçıq qoyub Bakıya gəldim və kastinqlər keçirildi. Çox təəssüf ki, Məryəm rolu üçün Azərbaycandan aktrisa tapa bilmədik. Teatrlarda bu rola uyğun qızlarımız yoxdur, yaşları uyğun deyil. Bəlkə də aktyor və aktrisaların heç xəbəri belə yoxdur, amma biz rejissorun qabağına bütün azərbaycanlı aktyor və aktrisaların fotolarını qoyduq. O özü seçdi və bununla da aktiv şəkildə maraqlandım. Nəticədə bütün səylərimiz boşa çıxdı və Bakıda Məryəm tapa bilmədik”.
M. Abbasova deyib ki, Məryəm rolunu 23 yaşlı Ezgi Asaroğlu oynayacaq. Bu aktrisa TRT-də yayımlanan “Leyli və Məcnun”da Leyli rolunu oynayıb. Mahmud roluna gəlincə isə, M. Abbasova bildirib ki, bu rolu əvvəlcədən nəzərdə tutulduğu kimi Mehmet Günsür deyil, “Mələklər qorusun” serialında Barış obrazı ilə tanınan Alper Saldıran oynayacaq. Eyni zamanda “Mahmud və Məryəm” filmində Türkiyə tərəfindən “Min bir gecə” serialında Nadidə obrazını oynayan Tomris İncər, “Yabançı damat” serialında baş obrazda çıxış edən Özgür Çevik də yaradıcı heyətə daxildir. Azərbaycandan bu filmdə Ziyadxan obrazını canlandırmaq xalq artisti Fəxrəddin Manafova təklif olunub. Qurban İsmayılov isə keşiş rolunda çıxış edəcək.
M. Abbasovanın sözlərinə görə, filmdə Mirzə Salman rolunun axtarışı üçün kastinqlər davam edir: “Türkiyədən gələn aktyor heyətini Azərbaycan tamaşaçıları çox yaxşı tanıyır. Filmin Azərbaycandakı çəkilişləri Şəki, Qax, Qəbələ və Bakıda aparılacaq”. Aktrisa artıq “Mahmud və Məryəm” filminin bəstəkarının dəqiqləşdiyini də söyləyib. Filmin bəstəkarı əməkdar incəsənət xadimi Aygün Səmədzadədir.
Xatırladaq ki, Azərbaycan və Türkiyənin müştərək işi olan “Mahmud və Məryəm” filminin rejissoru türk əsilli ingiltərəli rejissor Mətin Hüseyn, prodüseri isə Sevda Kayqısızdır. Çəkilişlər Azərbaycanda və Türkiyədə aparılacaq. Filmin çəkilişinə Azərbaycan və Türkiyənin mədəniyyət nazirlikləri dəstək verir. Filmin ərəb və Avropa ölkələri də daxil olmaqla 30-dan artıq ölkədə satışı planlaşdırılır. Əslən Kıbrıs türkü olan rejissorun bundan əvvəlki “Merlin”, “Arsız”, “Kinqdom” adlı filmləri populyarlıq qazanıb. İlk filmi “Dar şalvar” Britaniya Film və Televiziya Akademiyası Mükafatına (BAFTA) “Ən yaxşı qısametrajlı film” nominasiyasında namizəd olub, “Küçə uşaqlarının hekayəsi: Tom Cons” isə üç dəfə BAFTA-ya layiq görülüb.
DOSTLARINLA PAYLAŞ: