M.S.Ordubadinin əsəri Rusiya və Böyük Britaniyada nəşr edilib
29 Mart 2011 Çərşənbə Axşamı 14:36
M. S. Ordubadinin “Qanlı illər” əsəri Rusiya və Böyük Britaniyada nəşr edilib
Bakı – APA. Görkəmli Azərbaycan yazıçısı M. S. Ordubadinin “Qanlı illər. 1905-1906-cı illərdə Qafqazda baş vermiş erməni - müsəlman davasının tarixi” əsəri Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən Rusiyanın nüfuzlu Mədəniyyətin Tədqiqi Akademiyasının nəşriyyatında rus dilində (Кровавые годы. История армяно-мусульманской войны на Кавквзе. Санкт-Петербург‚ 2010)‚ Britaniyanın tanınmış “Qarnet” nəşriyyatında isə tarixi-elmi nəşrlər seriyasında ingilis dilində nəşr edilib (Years of blood. A history of the Armenian-Muslim Clashes in the Caucasus‚ 1905-1906. London‚ 2011).
Bu barədə APA-ya AAC-dan məlumat verilib. Qeyd edilən əsərin ingilis dilində ilk dəfə dünyada şərqşünaslıq üzrə ən böyük akademik nəşriyyatlardan olan “Qarnet Publishing”-də çapı Azərbaycan həqiqətlərinin dünyada, xüsusilə Qərb elmi dairələrində tanıdılması işinə mühüm dəstək olacaq. Hər iki nəşr AAC sədri Tale Heydərovun geniş giriş sözü ilə başlayır. Burada xüsusi olaraq vurğulanır ki‚ bu kitabı 1905-1906-cı illər “erməni-müsəlman davası”nın tarixi-coğrafi xronikası adlandırmaq olar. “Qanli illər” geniş oxucu kütləsinə hərtərəfli mənbələrə və müvafiq tədqiqat üsullarına əsaslanan tarixi elmi əsər olaraq təqdim edilib. Belə ki‚ Ordubadi baş vermiş hadisələr haqqında məlumat almaq üçün yerlərdəki müxbirlərə müraciət edib‚ alınan məktublar vasitəsilə hadisələrin ümumi gedişini “bərpa” etməyə nail olub. Faktların toplanmasındakı obyektivlik və elmiliyə onların sistemləşdirilməsi‚ təhlili‚ yekunlaşdırılması və nəticələr çıxarılmasında da ardıcıl şəkildə əməl edilib.
Əsər 1905-1906-cı illər “erməni-müsəlman davasının” səbəblərini‚ gedişini‚ əsas problemlərini və nəticələrini ardıcıl şəkildə izləməyə imkan verir. Girişdə Ordubadinin bu kitabının 1905-1906-cı illər hadisələrinin öyrənilməsində əsas mənbələrdən biri olduğu qeyd olunur, bu hadisələrinin beynəlxalq aləmdə əksinə dair müəllifin fikirlərinə xüsusi diqqət yetirilir. Ordubadi yazırdı ki‚ hadisələrin baş verməsi və səbəbi barədə Rusiya və Qafqaz mətbuatı ilə yanaşı‚ Avropa və Amerika mətbuatı qızğın-qızğın canfəşanlıq etməkdə idi. Bunu da bilməliyik ki‚ xarici mətbuat səhifələrində müzakirəyə qoyulmuş məqalələrin hamısı bir-birinə zidd‚ təzadlı fikirlərlə qarşı-qarşıya durmaqda idi. T. Heydərov bu sahədə vəziyyətin o zamandan bəri çox az dəyişildiyini qeyd edərək‚ tarixin təcrübəsinə qayıtmağın‚ onu yenidən dəyərləndirməyin mühüm elmi - idraki əhəmiyyətə malik olduğunu bildirir. Bu baxımdan Ordubadinin əsərinin xüsusi rolu vurğulanır. Bunu nəzərə alan Avropa Azərbaycan Cəmiyyəti “Qanlı illər” əsərinin rus və ingilis dillərində nəşrini‚ bilavasitə Rusiya və İngiltərədə həyata keçirib. Bu nəşrlər rus və ingilisdilli oxucuların Ermənistan-Azərbaycan‚ Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinin öyrənilməsində‚ Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması işində böyük əhəmiyyətə malikdir.
“Qanlı illər”in Rusiya və Böyük Britaniyada nəşri ilə Azərbaycan müəlliflərinin dünya üzrə nəşri coğrafiyası daha da zənginləşib.
DOSTLARINLA PAYLAŞ: