Leyli və Məcnun poeması hip-hop janrında təqdim edildi
18 Dekabr 2011 Bazar 00:12
Leyli və Məcnun poeması hip-hop janrında təqdim edildi. Nazir müavini: “Belə bir yanaşma tərzinin ilk dəfədir”.
Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin, “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Əfsanə geri dönür” şüarı altında “Leyli və Məcnun” poeması hip-hop janrı ilə müasir formada təqdim edilib. AzərTAc xəbər verir ki, tədbirdən əvvəl mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza jurnalistlərə müsahibə veriblər.
Nazir müavini Ədalət Vəliyev bildirib ki, 2011-ci ildə Azərbaycanın böyük mütəfəkkiri, filosof şairi, dünya mədəni irsində nəhəng “Xəmsə”si ilə iz qoymuş Nizami Gəncəvinin anadan olmasının 870 illiyi tamam olur. Mədəniyyət və Turizm Nazirliyi gənc yaradıcıların və layihənin rəhbəri Mirsahib Musayevin dahi şairin “Leyli və Məcnun” əsərini müasir dünyaya baxış bucağı altında hip-hop janrında təqdim etmək təklifini dəstəkləyib.
Belə bir yanaşma tərzinin ilk dəfə olduğunu qeyd edən nazir müavini layihənin reallaşmasında ABŞ-ın ölkəmizdəki səfirliyinin yaxından iştirakını vurğulayıb. Həmçinin “İrəli” İctimai Birliyinin və digər qurumların yaxından iştirakı ilə bu layihə ərsəyə gəlib. Ədalət Vəliyev nəzərə çatdırmışdır ki, layihənin reallaşması tamaşaçılara Nizami Gəncəvinin mədəni irsinə bügünkü gəncliyin gözü ilə baxmaq imkanı yaradır. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümündə tamaşa mədəniyyətsevərlərə və ədəbiyyatsevərlərə gözəl bir hədiyyədir.
ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayza başda Mədəniyyət və Turizm Nazirliyi olmaqla, layihənin reallaşmasında iştirak edən qurumlara təşəkkürünü bildirib. O, nəzərə çatdırıb ki, Bakı şəhəri özünün yüksək səviyyəli mədəniyyəti, musiqi növləri, muğam və cazın sintezi çox məşhurdur. Səfir Amerikanın hip-hop musiqi janrı ilə Nizami Gəncəvinin əfsanəvi əsərinin sintezini yüksək qiymətləndirib.
Səfir layihənin gerçəkləşməsində doğma şəhəri Çikaqodan olan istedadlı Çarlz Lourensin fəaliyyətindən də danışıb, onun azərbaycanlı gənclərə hip-hop üzrə müəyyən dərslər keçdiyini nəzərə çatdırıb. Metyu Brayza belə bir şəraitdə dünyada sevdiyi Bakı və Çikaqonun bir araya gəlməsini də qeyd edib.
Layihənin ssenari müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, xoreoqrafı amerikalı Çarlz Lourens, quruluşçu rəssamı Rəşad Ələkbərovdur.
Tamaşada Leyli obrazını Natəvan Həbibi, Məcnunu Elşad Xose, Məcnunun atası rolunu Alim Qasımov, Leylinin atasını meyxana ustası Ağamirzə ifa ediblər.
DOSTLARINLA PAYLAŞ: