Leyli və Məcnun operası yeni quruluşda nümayiş etdirilib
16 Mart 2011 Çərşənbə 19:29
“Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı çərçivəsində həmçinin “Muğam-latinos” konserti keçirilib.
Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası yeni quruluşda nümayiş etdirilib. ANS PRESS-in məlumatına görə, “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı çərçivəsində nümayiş olunan tamaşanın quruluşçu rejissoru Hafiz Quliyev, musiqi rəhbəri və dirijoru Cavanşir Cəfərov, quruluşçu rəssamı Rafiz İsmayılovdur. Leyli rolunu xalq artisti Nəzakət Teymurova, Məcnun rolunu isə xalq artisti Mənsum İbrahimov ifa edib. Operanı paytaxt sakinləri ilə yanaşı, beynəlxalq festivalın iştirakçıları da maraqla izləyib.

Festival çərçivəsində daha bir neçə konsertlər baş tutub. Heydər Əliyev Sarayında “Muğam-latinos” konserti keçirilib. Beynəlxalq Muğam Mərkəzində isə Azərbaycan və İraq xanəndələrinin iştirakı ilə konsert olub. Konsertdə əməkdar artist Zabit Nəbizadə “Rast” muğamını ifa edib. Sonra tamaşaçılar iraqlı muğam ustası Hüseyn Əl Ədhəmin “İraqi-maqam” kompozisiyasını dinləyib.

Qeyd edək ki, Beynəlxalq Muğam Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı keçirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar