Leyla Bədirbəylinin vəfatının ildönümüdür
23 Noyabr 2010 Çərşənbə Axşamı 06:00
Leyla Bədirbəyli ilk dəfə 8 yaşı olanda rəqs qrupunun tərkibində səhnəyə çıxıb
Ona Azərbaycan gözəli də deyirdilər. Onun adını eşidən hər kəsin gözləri qarşısında əvvəlcə gözəl, cazibədar xanım obrazı canlanır. Hər bir rolunda qadın incəliyi ilə bərabər, kişi mərdliyi, cəsarəti, eyni zamanda səmimiyyət, mehribanlıq cəmləşirdi. Bütün bu keyfiyyətlər SSRİ Xalq artisti Leyla Bədirbəylinin yaradıcılığına məxsusdur.
Yaddaşlara Gülçöhrə kimi həkk olanan görkəmli aktrisa Leyla Bədirbəylinin ölümündən 11 il keçir. Bakıda anadan olan Leyla Bədirbəylidə sənət marağını anası Bikə xanım yaradır. Yaradıcı klublarda dərnəklərə gedən Bikə xanım özü ilə bərabər qızı Leylanı da aparırmış. Leyla Bədirbəyli ilk dəfə 8 yaşı olanda rəqs qrupunun tərkibində səhnəyə çıxır. 17 yaşında o artıq filarmoniyanın rəqs ansamblının solisti idi. Şəxsən Leyla üçün rəqslər qoyulurdu. “Toy” və Əlibaba Məmmədovun “Bir dənəsən, bir dənə” rəqsləri məhz onun üçün nəzərdə tutulmuşdu. Dahi bəstəkar Üzeyir Hacıbəyli ilə tanışlığı da elə bu vaxtlar olur. Leyla Bədirbəylidə aktrisa istedadını görən Üzeyir Hacıbəylinin məsləhəti ilə o, teatr istitutuna daxil olur. 21 yaşında o, akademik milli dram teatrına dəvət alır. Bu teatrın səhnəsində onlarla tamaşada əsas obrazlarla səhnəyə çıxan Leyla Bədirbəyli teatr və kino sənətində eyni vaxtda fəaliyyət göstərirdi. O, milli kinomuzun nadir nümunələrindən olan “Dəcəl dəstə”, “Sovqat”, “Səbuhi”, “Fətəli xan”, “Koroğlu” və başqa ekran əsərlərində əsas rolların ifaçısı olub.
Leyla Bədirbəyliyə ən böyük uğuru və tamaşaçı məhəbbətini isə 25 yaşı olarkən çəkildiyi “Arşın mal alan” kinokomediyası gətirir. Üzeyir Hacıbəylinin dəvəti və təşəbbüsü ilə bu filmə dəvət edilən Leyla Bədirbəyli 100-lərlə namizəd içərisindən Gülçöhrə obrazı üçün seçilir. Məhz bu filmdəki roluna görə o, SSRİ dövlət mükafatına layiq görülüb.
Allah Leyla xanıma hər şeyi nəsib etmişdi. Gözəllik, ailə səadəti, sənət uğuru. Sevən həyat yoldaşı, iki qızı və nəvələri ilə o çox xoşbəxt idi. Qadınlar arasında ilk “İstiqlal” ordeninə layiq görülən Leyla Bədirbəylinin həyatında hər şey öz axarı ilə davam etdiyi zaman ailədə facilər başlayır. 1995-ci ildə həyat yoldaşı xarici ölkədə yol qəzasına düşür. Heç bir il keçməmiş Leyla Bədirbəylinin böyük qızı Laləni maşın vurur. Bu iki böyük itki Leyla xanımı mənən öldürməyə başlayır. Görkəmli sənətkar 1999-cu ilin bu günü 79 yaşında dünyasını dəyişir.
DOSTLARINLA PAYLAŞ: