Lənkəran Özəl Türk Liseyində bilik sərgisi keçirilib
20 Aprel 2011 Çərşənbə 15:34
Bu gün Lənkəran Özəl Türk Liseyində “Etimada sədaqətlə” devizi altında bilik sərgisi keçirilib.
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran Özəl Türk Liseyində “Etimada sədaqətlə” devizi altında bilik sərgisi keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran şəhər Təhsil Şöbəsinin və Lənkəran Özəl Türk Liseyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə liseyin şagirdləri müxtəlif fənlərdən tədris müddətində öyrəndiklərini praktiki şəkildə nümayiş etdiriblər. Bilik sərgisi haqqında məlumat verən Lənkəran Özəl Türk Liseyinin müdiri Murat Kadifeci çıxışında bildirib ki, belə tədbirlər şagirdlərin biliyinin daha da möhkəmləndirilməsi ilə birlikdə, həm də onlarda insanlarla olan ünsiyyətin artırılması üçün faydalıdır. Ötən il Masallı rayonunda da bu cür tədbirin keçirildiyini qeyd edən lisey müdiri yaxın vaxtlarda Cəlilabad rayonunda da analoji tədbirin planlaşdırıldığını diqqətə çatdırıb. Qeyd edək ki, bilik sərgisində Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının nümayəndələri, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Yavuz Maraş, rayonun idarə, müəssisə rəhbərləri, məktəb direktorları və eləcə də məktəblilər iştirak ediblər.
DOSTLARINLA PAYLAŞ: