“Kurtlar Vadisi-Pusu” serialının nümayiş olunduğu "Show" telekanalı yüksək məbləğdə cərimə edilib. ANS PRESS xəbər verir ki, filmin ötən seriyalarından birində Halo dayı xarakterinin öldürülməsi səhnəsi Radio Televiziya Üst Qurumu (RTÜK) tərəfindən “zorakılığın təşviqi” kimi qiymətləndirilib. RTÜK bu səhnəyə görə telekanaldan yazılı müdafiə tələb edib və kanalın 250-500 min lirə (130 900–261 800 manat) arasında cərimə olunması qərarlaşdırılıb.
RTÜK üzvlərindən iki nəfəri isə telekanalın cərimə olunmasına etiraz edib. Onlar bildiriblər ki, “Kurtlar Vadisi-Pusu” serialının formatı belədir, bu filmdə adrenalin və gərginlik var. Xatırladaq ki, aktyor Sönməz Atasoyun canlandırdığı narkotik qaçaqmalçılığı ilə məşğul olan Halil İbrahim Kapar son seriyalardan birində balta ilə başı kəsilərək öldürülmüşdü. /ANS PRESS/