"Kurdlar Vadisi Pusu" dakı Memati ilə müsahibə
01 Dekabr 2009 Çərşənbə Axşamı 23:35
"Kurdlar Vadisi Pusu" dakı Memati ilə müsahibə. "Evləndikdən sonra müəyyən çərçivələrdə yaşamaq məcburiyyətində qalırsan".
"Kurtlar Vadisi Pusu" serialında Memati obrazı yaradan aktyor Gürkan Uyğunun ailəsi ilə yaxından tanış olmaq hamıya maraqlıdır. Bu yaxınlarda Şəbnəm adlı iş qadını ilə ailə quran Gürkanın artıq qız övladı da var.

- Fərqli mühitə mənsub insanlarsınız. Yollarınız necə kəsişdi?
Şəbnəm Uyğun: Bir dost çevrəsində tanış olduq. Ortaq dostluğumuz var idi. Evlənəcəyimizi düşünməmişdik. Hadisələr bu məcraya sonradan yönəldi.

- Tanışlıqdan nə qədər müddət sonra evlənmək qərarına gəldiniz?
Gürkan Uyğun: Dörd il dostluğumuz oldu. Şəbnəm həmişə mavi gözlü qız uşağı arzulayırdı. Amma evlənməyə cəsarət etmirdik. Sonra uşaq istədik və evlənmək qərarına gəldik.

- Şəbnəm xanım, 9 ay öncə ana olmuş qadına oxşamırsınız.
Hamilə ikən çəkim 10 kq artdı. Övladım dünyaya gəldikdən sonra isə 12 kq kökəldim. İdmana, yeməyimə diqqət etməyə başladım. Doğacağım günə qədər isə işlədim. Axşam saat 21:00-da mağazamı bağladım, səhər isə doğum evinə getdim.

- Övladınızı ilk dəfə qucağınıza alanda hansı hissləri keçirdiniz?
Şəbnəm: İlk dəfə uşağı mənə gətirəndə, heç nə anlamadım. Barmağımla yanağına basaraq «Bu nədi?» demişdim.
Gürkan: Şəbnəm şokda idi. Adamlar çox idi. Özü də «İkinci dəfə ana olsam, heç kəsi otağa buraxmayacam» dedi.

- Uşaq dünyaya gəldikdən sonra aranızdakı işləri necə bölüşdürdünüz?
Şəbnəm: Anam bizə kömək edir. Mən də özümə gəldikdən sonra işlərimlə maraqlanmağa başladım.
Gürkan: Valideyn olan şəxs həmişə övlad arzusundadır. Övladını sevmək, qayğısına qalmaq istəyir.

- Bu istəklə yəqin ki, ikinci uşaq barədə düşünürsünüz?
Şəbnəm: Qismət olsa, bir neçə ay sonra düşünmək istəyirik. Balamızın bir yaşını tamamlamağını istəyirik.
Gürkan: Mən çoxuşaqlı ailədə böyümüşəm. Beş bacı-qardaşım var. Şəbnəmgil isə 4 uşaqdır. Bacı-qardaş ayrı şeydir. Ata-ana öldükdən sonra bacı-qardaş bir-birinə dəstək durur.

- Gürkan bəy, siz «Kurtlar Vadisi» serialı ilə məşhur oldunuz. Seriala necə başladınız?
- 2002-ci ildə çəkilişlərə başladıq. 2003-cü ildə serial yayımlanmağa başladı. Bu vaxta qədər bəzi seriallarda rol almışam.

- Konservatoriya təhsili almısınız?
- Təbii ki. 1990-cı ildən həvəskar teatrdayam. 1993-cü ildə İstanbul Universitetinin Teatr fakültəsinə qəbul olundum. Haldun Dormen, Yıldız Kenter kimi müəllimlərim olub. 1998-ci ildə məzun oldum. Amma artıq 1996-cı ildə «Tatlı kaçıklar», «Çiçek taksi», «Böylemi olacaktı» adlı seriallarda xırda rollarda iştirak edirdim. Eyni zamanda 1994-cü ildə Dormen teatrında işə başladım. 2000-ci ildə əsgərliyə getdim. Geri qayıdanda 7 ay boş qaldım. Amma sonra rejissor Osman Sınavın «Deli yürek» adlı serialına dəvət edildim. 4-5 seriyada iştirak etməli olsam da, 18 seriyada kamera qarşısına keçdim.

- «Kurtlar Vadisi»nə qədər bir neçə serialda çəkilsəniz də, Memati obrazından sonra məşhurlaşdınız...
- Yəqin ki, bu şans işidir. Bir gün Osman bəy məni çağırıb Raci Şaşmazla tanış etdi. Rolu başa saldı. Dedi ki, «Mafiya başçısının ikinci adamıdır, adı Mematidir». Mənasını soruşanda, «ölüm» demək olduğunu bildirdi. Bu ifadə mənə həm sifət ifadəsini, həm də obrazı yaratmağa çox kömək etdi. O vaxtlar təsadüfən bir cinayətkar gördüm. Sifəti donuq, soyuq, əsla gülüş cizgisi yox idi. Mən belə bir sifət ifadəsi ilə roluma başladım.

- Sizcə, serialın tamaşaçılar tərəfindən çox sevilməyinin səbəbi nədir?
- Çox yaxşı hazırlanmış layihədir. İnsanların danışdığı, amma görmədiyi hadisələr filmdə öz əksini tapıb. Filmdə həkim həkim kimi, vəkil vəkil kimi, mafiya isə mafiya kimi danışır.

- Evdəki Memati necə bir insandır?
Şəbnəm: Evdə Memati yox, Gürkan Uyğun var. Serialdakı ilə heç bir əlaqəsi yoxdur. Evdar, ailəsinə bağlı bir insandır. Hər yeməyi və övladını çox sevər.
Gürkan: Səhər yuxudan oyananda kefsiz oluram. Yoldaşımla qızım məni güclə oyadır. Evləndikdən sonra müəyyən çərçivələrdə yaşamaq məcburiyyətində qalırsan. Çöldə işin bitibsə, evə qayıdırsan. Çünki səni evə çəkən bir qüvvə var.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar