Kuklalar bədii filmi təqdim olundu
11 Dekabr 2010 Şənbə 03:15
Çingiz Rəsulzadə: “Film ötən əsrin 80-ci illərinin sonunda - SSRİ-nin süqutu ərəfəsində Bakıda cərəyan edən hadisələri əks etdirir”
Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə rejissorlar Ramiz Fətəliyev və Çingiz Rəsulzadənin “Sınaqfilm” studiyasında birgə lentə aldıqları “Kuklalar” bədii filminin təqdimatı keçirilib. Filmin ssenari müəllifi Çingiz Rəsulzadə bildirib ki, yeni ekran əsəri ötən əsrin 80-ci illərinin sonunda - SSRİ-nin süqutu ərəfəsində Bakıda cərəyan edən hadisələri əks etdirir: “Bir qrup oğlan Dənizkənarı Parkda kukla geyimlərində şəkil çəkdirməklə pul qazanır. Onların həyatında hər şey ilk dəfə baş verir: məhəbbət, dostluq, xəyanət. Özləri dərk etdikləri kimi azad yaşamağa can atan bu gənclərin uşaqlıq dövrü sovet imperiyasının dağılması ilə bitir. Nəticədə gənclər azadlığı əldə etsələr də, artıq daha böyük miqyasda oynayan kuklalara çevrilirlər”.
Filmin quruluşçu operatoru Yuri Varnovski, quruluşçu rəssamı Rövşən Mehdiyev, bəstəkarı İsa Məlikov, prodüseri Tofiq Musayevdir.
Tədbirdə “Kuklalar” bədii filmi nümayiş etdirilib.
DOSTLARINLA PAYLAŞ: