Kinoteatr üzünə həsrət qalan Qazax...
11 Dekabr 2010 Şənbə 11:10
"Azərbaycan" kinoteatrında axırıncı dəfə seansın nə vaxt olması qazaxlıların yadında deyil
ANS TV-nin efirində Azərbaycanın müxtəlif bölgələrində mövcud olan kinoteatrların vəziyyəti ilə bağlı yayımlanan silsilə sujetlərin növbəti ünvanı Qazaxdır.
Bu rayonda 45 il əvvəl istifadəyə verilmiş kinoteatr indi elə günə düşüb ki, adam buranın nə vaxtsa tamaşaçı ilə dolu olduğuna inana bilmir. Rəsmilər isə problemi vəsait çatışmazlığı ilə izah edir. Qazaxın ölkəmizin adını daşıyan kinoteatrı tamaşaçı üzünə həsrət qalıb. Azərbaycan kinoteatrında axırıncı dəfə seansın nə vaxt olması da qazaxlıların yadında deyil. Ümumiyyətlə Qazaxda hələ Sovet dövründən bir kinoteatr olub ki, bu da 1965-ci ildən istifadəyə verilib. Rayonun kənd və qəsəbələrində isə əsasən səyyar kinoteatrlar fəaliyyət göstərib. Bu, "Azərbaycan" adlanan 600 yerlik film nümayişi zalı təəssüf ki, ötən əsrin 90-cı illərindən işini dayandırıb. Qaranlıq zala kino lentinin işiğı illərdir ki, düşmür. Kino zalından kənarda da ürəkaçan heç nə yoxdur. Foye, yardımçı otaqlar, o cümlədən kinonun əsas hissəsi sayılan kassalar da bərbad vəziyyətdədir. İncəsənətin ən gənc qolu olan kinoya yol bu bilet kassasından keçir. Minlərlə Qazax əhli buradan bilet alıb kinoya keçirdi. İndi buranı həm hörümçək toru, həm də toz basıb.
Qeyd edək ki, bir vaxtlar kinoteatr binası rayonda ən görkəmli tikili hesab olunub. Həm öz həcminə, həm də tikinti memarlıq göstəricilərinə görə. İndi əvvəlki görkəmdən və üslubdan da heç nə qalmayıb. Şüşəsi sınmış, uçmuş divarlar nəvaxtsa təmir olunacağı günü gözləyir. Amma bu kinoteatrın ümumi mənzərəsini tamamlayan görüntülər içərisində, bəlkə də yeganə bir ürəkaçan hal mövcuddur. Nə qədər təəccüblü olsa da, kinolar nümayiş etdirilməsə də, müdriyyət binanın qarşısındakı afişalara əl vurmur... Afişa isə dəyişmir ki, dəyişmir.
Bir sözlə, fakt odur ki, Qazaxdakı "Azərbaycan" kinoteatrı indi işləmir və bunun obyektiv-subyektiv səbəbləri var. Rayon Kino Video Birliyinin direktoru Əziz Məmmədov səbəblər barədə bunları danışır: "Kinoteatrın fəaliyyət göstərməməsinin səbəbi məhz zalımızın standartlara cavab verməməsi, zalın soyuq olması, yeni videoproyektorların quraşdırılmamasıdır".
Qazax mədəniyyət və turizm şöbəsində də ənənəvi cavab səsləndirilir. Kinoya ehtiyac var, bu sahənin inkişafına dövlət dəstəyi lazımdır. Amma konkret fəaliyyət yoxdur. Qazax rayon mədəniyyət və turizm şöbəsinin müdiri Valeh Vəliyev kinoteatrların təmirinin dövlət proqramında olduğunu və bu problemin yeni ilin büdcəsində öz həllini tapacağını gözlədiyini deyir.
Arzu edək ki, kinoteatrın afişasında yazılanlar, real olaraq Qazaxın böyük ekranına da gəlsin. Hər halda kinoteatr bir mədəniyyət ocağıdır. O ocaği sönməyə qoymaq olmaz.
DOSTLARINLA PAYLAŞ: