Kinomuzun 111 illiyi qeyd ediləcək
28 İyul 2009 Çərşənbə Axşamı 12:30
Tədbirdə "Cavad xan" filmi nümaiyş etdiriləcək

 

Azərbaycan kinosunun 111 illiyi münasibəti ilə tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iyul ayının 31-də saat 17.00-da Heydər Əliyev Sarayında baş tutacaq tədbirdə “Cavad xan” filmi nümayiş olunacaq.

Qeyd edək ki, “Cavad xan” bədii filmi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birinə həsr olunub. Filmin ssenari müəllifi Sabir Rüstəmxanlı, quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu operatoru Məhəmməd Məcidi, bəstəkarı Sərdar Fərəcov, quruluşçu rəssamları Rafis İsmayılov, Rafiq Nəsirov, prodüseri Heydər Dadaşovdur. Cavad xan rolunda Nurəddin Mehdixanlı, rollarda Amaliya Pənahova, Ramiz Novruz, Rafiq Əzimov, Salam İsmayılov, Nuriyyə Hüseynova, Rövşən Kərimdux, Qabil Quliyevdir.

Xatırladaq ki, prezidentin 18 dekabr 2000-ci il tarixli sərəncamına əsasən hər il avqustun 2-də Milli Kino Günü keçirilir. Bu il avqust ayının 2-i qeyri iş gününə düşdüyü üçün tədbir iyulun 31-də baş tutacaq.

Azərbaycan kinosunun tarixi 1898-ci ildən başlayır. İndiyə qədər Azərbaycanda 3000-dən artıq film istehsal olunmuşdur. Bunlardan 300-dən çoxu tammetrajlı bədii film, 100-dən çoxu qısametrajlı bədii film, 20-yə qədəri serial, 150-dən çoxu televiziya tamaşası, 100-dən çoxu cizgi film, 70-dən çoxu tammetrajlı sənədli film, 1700-dən çoxu qısametrajlı sənədli film, 350-dən çoxu "Mozalan"ın süjetləri, 10 ədədi isə "Məzməzə" Uşaq Satirik Kinojurnalının bədii süjetləridir.

ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar